YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz Cənubi Qafqazda sülhü bərqərar edirik

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycan və Ermənistan beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddiaları geri götürəcək. Bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb. Qeyd edilir ki, 14-cü maddəyə xələl gətirmədən, tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar.

Hər iki dövlət bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri mühüm sənədlərin imzalanması ilə tarixə yazıldı. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın  avqustun 8-də Ağ Evdə görüşləri və  mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Cənab İlham Əliyev bildirdi ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır: “Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik”.

Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi də mühüm çağırışları ilə diqqətdədir. Belə ki, “Biz münasibətlərimizdə yeni səhifə açırıq. Şəxsi təmasa gəldikdə, bu, Prezident Trampla bizim ilk görüşümüz idi. Çox mehriban, səmimi və nəticəyönümlü görüş keçdi. Təbii ki, mən Prezident Trampı əvvəlki prezidentlik müddətindən və bu altı ayda gördüyü işlərdən tanıyırdım. Prezident Tramp mənim kim olduğumu bilmirdi, amma o, mənim haqqımda komanda üzvlərindən eşidib” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki,  Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim: “Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərəçarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə bu şəxsi münasibətlər ölkələrimiz arasında dövlətlərarası əlaqələrə çox müsbət təsir göstərəcək”.

O da vurğulandı ki, əlbəttə, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada, daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə,biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik: “Sonra bildiyiniz kimi, 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Beləliklə, münasibətlərimiz dərin böhran içində idi”.

Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu,  ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda,  Ağ Evdə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənəd də imzalandı. Bu iki mühüm hadisəni önə çəkən cənab İlham Əliyev avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün kimi dəyərləndirdi. Şübhəsiz ki,  Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaq.