Xəbərlər
Dövlətlərarası münasibətlərimizdə tarixi gün

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Vaşinqton səfərinin mühüm istiqamətlərindən biri Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı oldu. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub.
Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır.
Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.
Dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlər yuxarıda qeyd etdiyimiz məsələlərin həllində əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev imzalanan sənədlərə söykənərək avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün kimi dəyərləndirdi. Vurğuladı ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq.
Ölkə Prezidenti Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində sülh müqaviləsinin imzalanması üçün Ermənistanın qarşısında qoyulan şərtlərə diqqəti yönəldərək bildirdi ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.
Mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. “Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ermənistan Konstitusiyası dəyişdiriləndə, Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Bunun nə vaxt olacağı Ermənistanın öz işidir: “Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə mətbuata bəyanatında da gələcəklə bağlı mühüm çağırışlar yer alıb. ABŞ-la münasibətlərimizdə yeni tarix yazıldığını qeyd edən dövlətimizin başçısı vurğuladı ki, biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və gələcəkdə də fəal əməkdaşlığımız olacaq. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır.
Cənab İlham Əliyev Vaşinqton səfərinin uğurlu nəticələri fonunda bu reallığı da böyük əminliklə bildirdi ki, biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir.