YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz qarşısında böyük imkanlar açılır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyevin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Azərbaycan heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər qoymayıb. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizin əsaslı təklifi mənfi reaksiya ilə üzləşirdi. Bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə Prezident İlham Əliyev bu haqda danışarkən bildirdi ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət birinci maneəni aradan qaldırıb. Ölkə başçısı bir daha vurğuladı ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və ölkəmizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə onu da bildirdi ki, Azərbaycan və ABŞ arasında bir çox önəmli məsələlər müzakirə edildi. Böyük əhəmiyyəti olan Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Qeyd olunanlar onu göstərir ki, ölkəmiz qarşısında böyük imkanlar açılır.