YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh və təhlükəsizlik: Yeni çağırışlar və imkanlar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 35 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığını deməyə əsas verir. Prezident İlham Əliyevin Vaşinqton səfərinin nəticələri və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, Azərbaycanın müharibədən sonrakı mərhələdə qazandığı ən mühüm siyasi nailiyyətlərdən biridir. Dövlət başçısının sülh prosesində nümayiş etdirdiyi liderlik, bölgəni yeni müharibə təhlükəsindən xilas etdi. Müharibə dövründə əldə olunan hərbi qələbə ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, ardınca isə sülh gündəliyi uğurla həyata keçirilib. Bu, həm Azərbaycanın, həm də bütün regionun gələcəyini təhlükəsiz və sabit inkişaf yoluna çıxaran strateji dönüş nöqtəsi oldu. İmzalanmış sənəddə ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşmas Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində bildirib ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir: “Bugünkü gün buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında atılan addımlar, həm Azərbaycan Ermənistan normallaşması işində atılan addımlar və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövləti olan Amerika Prezidentinin buna dəstəyi və şahidlik etməsi bu Sazişin önəmini bir daha göstərir. Mən bu gün qeyd etdim ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Və əlbəttə ki, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var. Həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq”.

Bu qələbə şübhəsiz ki, regionumuzun taleyində yeni bir yol açacaq, rol oyanaycaq. Həm də iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. İmzalanan sənədlər sırasında Strateji İşçi Qrupunun yaradılması, enerji, təhlükəsizlik, müdafiə, texnologiya və iqtisadi əməkdaşlıq sahələrində yeni razılaşmaların yer alması bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Artıq ABŞ və onun prezidentinin iştirakı və onların zəmanəti ilə paraflanmış Sülh sazişinin mətni dəyişilməyəcək və yəgin ki, cənab prezidentin dediyi kimi, Ermənistan tərəfindən konstitusiya dəyişikliyi ediləndən sonra imzalanaraq bölgəyə sülh, əmin-amanlıq, əməkdaşlıq gətirəcək. Bu tərəfdaşlıq yalnız Azərbaycan–ABŞ münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir edəcək.