YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni geosiyasi reallıqların perspektivləri

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Lakin Ermənistan Bəyanatın şərtlərinə əməl etmir, hətta Kəlbəcər və Laçın istiqamətlərində həmlələr də edirdi. 2023-cü il sentyabrın 20-də aparılan antiterror əməliyyatı ilə Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi. Bu qələbəyə dünya dövlətlərinin hamısının münasibəti eyni olmadı. Bəzi dövlətlər Ermənistanın məğlubiyyəti ilə barışa bilmir, ona siyasi və hərbi dəstək göstərirdi, ordusunun silahlanmasına hərbi yardım edirdi. Zəngəzur dəhli­zi­nin açılması kimi zəruri bir məsələdə Ermənistanın haqsız mövqeyini müdafiə edən dövlətlər də vardı.

ABŞ İkinci Qarabağ müharibəsinə də, Azərbaycan Ordusunun qələbəsinə də, Azərbaycanın ərazi  bütövlüyünün tam bərpa olunmasına da fərqli, nisbətən dünyəvi münasibəti ilə fərqləndi. Bu fərqlənmə nəticədə Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda, Ağ Evdə üçtərəfli damışıqlara başlamasına səbəb oldu.

Avqustun 7-8-də Ağ Evdə üçtərəfli danışıqlar Cənubi Qafqazda sülhün təmin edil­mə­sinə yönəldilmiş tədbir-görüş kimi tarixləşməli idi. Siyasətçilər belə güman edirdilər.

Ölkəmizin dövlət müstəqilliyi bərpa olunandan az sonra ABŞ Azərbaycana qarşı ciddi məhdudiyyətlər tətbiq etmişdi. Təbii ki, erməni diasporunun ciddi cəhdi ilə. Bu məhdudiyyətlər 33 il davam etdi. ABŞ da, onun bu siyasətinə tərəfdar olanlar da gördülər ki, belə məhdudiyyətlər Azərbaycanın iqtisadi durumuna ciddi təsir etmək qüdrətində olmadı, ola da bilməzdi. Üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xatırlatma formatında dedi: “1992-ci ildə - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdu­diyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azər­baycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Pre­zident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəl də danışıqlardan yayındığını xatırladaraq bu görüşün dünyəvi mahiyyətli görüş olduğunu bildirdi, onun “Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bit­mə­yən danışıqlar prosesində qalardı” fikri ilə İkinci Qarabağ müahribəsindən sonra da danışıq­lar­dan yayınmaların mövcudluğunu yada saldı. Yəni Ermənistanın dövlət olaraq stabil siyasi xəttə malik olmadığını bildirirdi. Bəlkə də Ağ Ev bu üçtərəfli görüşü məhz bu səbəbdən təşkil edib?!..

Prezident İlham Əliyev Azərbaycanın bəşəri dövlət, özü­nün sülhsevər prezident olduğunu xatırladaraq əminliklə və qətiyyətlə bildirdi ki, “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı nara­hatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik”.

Bu görüş sülh naminə başlayan görüş idi. Belə görüşlər ciddi nəticələrə yönəldilən görüş kimi güman edilən nəticələrə hesablanır.

İkinci Qarabağ müharibəsinə kimi münaqişənin həlli ilə “məşğul olan” ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyətinin heç bir siyasi və hərbi rolu qalmadığını bildirən dövlət baş­çı­mız dedi ki, bütün məsələləri beynəlxalq hüquq çərçivəsində Azərbaycanın özü həll etdi, sülh mü­qa­viləsinin təşəbbüskarı da Azərbaycandır, beş əsas prinsip əsasında sülh sazişinin mətnini də Azərbaycan hazırlayıb.

2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistanın reallıqlarla barışmalı olduğunu bildirən dövlət başçısı dedi ki, “Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib. Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıq­ları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbay­can-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyev ABŞ Prezidenti cənab Trampın  ailə dəyərlərinə sadiqliyini, real nəticələrə nail olmağı bacardığını, ABŞ-ın Azərbaycana qarşı 33 il əvvəlki iqtisadi sanksiyalar tətbiq etdiyini, indi ədalətsiz düzəlişin ləğv edilməsini, həm də Azər­bay­can Respublikasının Prezidentinin iştirakı ilə ləğv edilməsini, Minsk qrupunun de-yure qalma­sı­nın  tamamilə məntiqsiz olduğunu, cənab Trampın Nobel sülh mükafatına layiq oldu­ğunu, bu gün Azərbaycan və Ermənistan arasında im­za­lanan sənədin Azərbaycanın niyyətlərini açıq şəkildə göstərdiyini də bildirən dövlət başçımız dedi: “Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüş­lərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olma­mısınız. Yalnız Azərbaycan vasitə­silə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz. Biz özü­müz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhliz­lə­rinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib”.

Avqustun 7-8-də Azərbaycan respublikasının Prezident İlham Əliyevin Amerika Bir­ləş­miş Ştatlarına səfərində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviy­yəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalandı. Bu memoranduma  əsasən qarşılıqlı ma­raq kəsb edən sahələrdə strateji tərəfdaşlıq güclənəcək, iki ölkə arasında Strateji İşçi Qrupu yaradılacaq. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sər­ma­yə, mü­da­fiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.

Azərbaycan dünyəvi dövlət olaraq dünyanın nəhəng dövlərləri ilə də ikitərəfli münasibətlər yaradır. By münasibətlər onun uğurlu xarici siyasətinə verilən beynəlxalq siyasi dəyərdir. Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun7-8-də ABŞ-a işgüzar səfəri də bu də­yərin nəticəsi kimi tarixləşdi.

DİGƏR Xəbərlər Arxiv