YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər diplomatiyası Cənubi Qafqaza sülh, sabitlik, rifah və tərəqqi gətirəcək

Asif Əsgərov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatları (ABŞ) ABŞ-ın paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatiya tarixində mühüm əlamətdar hadisə kimi dəyərləndirilir. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin daha da möhkəmlənməsinə, tərəfdaşlıq dairəsinin genişlənməsinə və milli maraqların qlobal səviyyədə müdafiəsinə önəmli töhfə verib. Vaşinqtonda baş tutan yüksək səviyyəli danışıqlar dövlətimizin çevik, məqsədyönlü və milli maraqlara söykənən siyasi kursunu bir daha nümayiş etdirib. ABŞ kimi qlobal siyasətdə aparıcı rola malik bir dövlətlə aparılan birbaşa dialoq respublikamızın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsini təsdiqləyir.

Səfərin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan Birgə Bəyannamə olub. Bu sənəd Cənubi Qafqaz regionunda uzun illər davam etmiş qarşıdurmaların aradan qaldırılması üçün konkret mexanizmləri özündə əks etdirir. Burada dayanıqlı sülhün təmin olunması, qarşılıqlı etimadın bərpası və tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımlar aydın şəkildə müəyyənləşdirilib. Bəyannamə Azərbaycanın uzun illər beynəlxalq platformalarda irəli sürdüyü sülh gündəliyinin artıq qlobal səviyyədə rəsmən qəbul edildiyini sübut edir. Sənəddə sülh sazişinin paraflanması, tərəflərin qarşılıqlı öhdəliklərinin dəqiq şəkildə təsbit olunması, etimad quruculuğu mexanizmlərinin tətbiqi və bu prosesin davamlı irəliləməsini təmin edəcək hüquqi-siyasi çərçivənin yaradılması kimi mühüm müddəalar yer alıb.

 Bəyannamənin strateji komponentlərindən biri regional inteqrasiyanın və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dair müddəalar olub. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpası məsələsi xüsusi prioritet kimi vurğulanıb. ABŞ-ın dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi Ermənistan ərazisindən keçərək yeni bir nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu layihə yalnız coğrafi birləşməni təmin etməklə kifayətlənməyəcək, həm də region ölkələrinin iqtisadi əməkdaşlığını gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və logistika imkanlarını genişləndirəcək. Layihənin reallaşması, Cənubi Qafqazı Avrasiya ticarət yollarının əsas tranzit mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Bu isə Azərbaycanın həm iqtisadi, həm də geosiyasi baxımdan regional lider mövqeyini daha da möhkəmləndirəcək.

Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək mühüm qərarlar qəbul edilib. Liderlərin razılığı ilə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıb. Bu yeni platforma enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi prioritet sahələrdə əməkdaşlığı daha sistemli və dərinləşdirilmiş formada həyata keçirməyə imkan verəcəkdir. Strateji İşçi Qrupu qarşılıqlı layihələrin icrası üçün konkret fəaliyyət planları hazırlayacaq, iki ölkə arasında siyasi dialoqu intensivləşdirəcək və regionda sabitliyin qorunması istiqamətində koordinasiyanı gücləndirəcək. Bu format Azərbaycan-ABŞ əlaqələrinin strateji məzmun kəsb etməsinə mühüm zəmin yaradır.

ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarı səfərin diplomatik baxımdan ən diqqətçəkən hadisələrindən biri olub. Bu düzəliş uzun illər ərzində Azərbaycan-ABŞ münasibətlərinə süni məhdudiyyətlər tətbiq edib. Bu qərar qarşılıqlı etimad mühitini gücləndirir, iqtisadi əməkdaşlığın genişlənməsinə və təhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının artmasına şərait yaradır. Eyni zamanda, ABŞ-ın Cənubi Qafqaz siyasətində daha balanslı və praqmatik yanaşmaya keçdiyini göstərir ki, bu da regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Enerji sektoru da səfərin əsas gündəm mövzularından biri kimi xüsusi yer tutub. Prezident İlham Əliyevin iştirakı ilə SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd neft və qaz sahəsində yeni layihələrin icrası, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi və enerji təhlükəsizliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan bu əməkdaşlıq nəticəsində enerji ixrac imkanlarını daha da genişləndirəcək, qlobal enerji bazarlarında mövqeyini möhkəmləndirəcəkdir. Bu faktor həm də Azərbaycanın “yaşıl enerji” strategiyasına uyğun olaraq bərpa olunan enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməsi deməkdir.

Ümumilikdə, Prezident İlham Əliyevin bəhs olunan səfəri Azərbaycan diplomatiyasının strateji uğurlarından biri kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Səfər çərçivəsində əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu artırıb, sülh prosesində lider mövqeyini təsdiqləyib və ABŞ-la münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Bu səfərin nəticələri gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqelərinə ciddi təsir göstərəcək, eləcə də diplomatik, iqtisadi və strateji baxımdan milli maraqlara xidmət edəcəkdir.