YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji razılaşmalar və yeni əməkdaşlıq dövrü

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

7–8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) rəsmi səfəri ölkənin müasir diplomatiya tarixində mühüm dönüş nöqtəsidir. Ağ Evdə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan strateji sənədlər və əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində real zəmin formalaşdırmaqla yanaşı strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulmasına və Azərbaycan - ABŞ münasibətlərini yeni mərhələyə çıxarmağa vəsilə oldu. Belə ki, səfərin ən mühüm nəticələrindən biri Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumunun imzalanmasıdır. Bu sənəd iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığının dərinləşdirilməsinə zəmin yaradacaq. Eyni zamanda, ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması, Azərbaycanın xarici siyasətində olduqca mühüm addım oldu.

Səfəri “tarixi gün” kimi qiymətləndirən Prezident İlham Əliyev müharibələr dövrünün arxada qaldığını, gələcəyə böyük nikbinliklə baxdığını vurğuladı. Beynəlxalq münasibətlərdə mühüm dönüş kimi diqqət çəkən digər məqam isə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin dayandırılması oldu. Bu addım, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addım oldu.

Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin keçirilən Sammitində imzalanan Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar oldu. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq etdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edildi. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanır.

Beləliklə, 7–8 avqust 2025-ci il tarixlərində baş tutan ABŞ səfəri, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülh, regional əməkdaşlıq və iqtisadi rifahın təmin olunmasına mühüm töhfə verdi. Bu səfər diplomatiya tariximizdə yalnız bir diplomatik hadisə deyil, həm də strateji əhəmiyyətli mərhələyə keçid kimi qalacaq.

DİGƏR Xəbərlər Arxiv