YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqaza əbədi sülh gətirəcək dahi lider

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, professor

Müstəqil və suveren Azərbaycanımızın zəfər dolu müasir tarixinə qızıl hərflərlə daha bir şərəfli gün yazıldı. Ərazi bütövlümüzün əsas memarı olan prezident cənab İlham Əliyev avqustun 8-də ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Cənubi Qafqaza iki xalq arasında 200 ildən sonra əbədi sülh gətirəcək Birgə Bəyannaməyə imza atdılar. Buna qədər ölkə rəhbərimizin də qeyd etdiyi kimi dünyanın qüdrətli ölkəsinin bir nömrəli ofisi olan Ağ evdə qüdrətli prezidenti Donald Tramp tərəfindən tam fərqli qarşılanmasından tutmuş yola salınmasına qədər İlham Əliyev şəxsinə göstərdiyi tam fərqli isti münasibət könülləri riqqətə gətirdi. Nümayiş etdirilən unikal kadrlar necə deyərlər, xalqımızı, millətimizi əsl sevənləri sevindirdi, sevməyən xarici düşmənləri və ən əsası “sapı özümüzdən olan” daxili düşmənləri bir daha xar etdi. Adını jurnalist, tiktoker, bloger, nə bilim nə “zibilski” qoyanlar sözün əsl mənasında yasa batdılar. özlərinin Azərbaycana tez-tez nümunə göstərdikləri, hər bir cümlələrinin əzəl mübtədası olan demokratiyanın beşiyi, haqq-ədalətin bərqərar olduğu və dünyaya car olunduğu Vaşinqtonda Donald Trampın İlham Əliyev şəxsiyyətinə böyük hörmət bəsləməsi, onu və rəhbərlik etdiyi Azərbaycan xalqını dahi lider adlandırması, nadir hədiyyələr təqdim etməsi düşmənlərimizi əməllibaşlı depresiyaya uğradıb, üfunət iyi verən nəfəsləri içlərini yandırıb yaxır, açıqlarını kompüterin klavişlərindən çıxırlar. Mənim anlamımda Azərbaycanın uğuruna sevinə bilməyən, kədərini isə toy-bayram edənlər bir nömrəli vətən xainləridir. Onları tərənnüm edəcək başqa kəlmə hələ icad edilməyib. Onlar yanmaqlarında olsun, biz şərəfli  günün sevincini doya-doya yaşayaq.

Bəli, bizim üçün ayrıca özəl və gözəl məna yükü daşıyan səkkiz rəqəminə təsadüf edən tarixdə döyüş meydanında qazandığımız qalibiyyəti sülh masasında tamamlayan tarixi hadisələrə şahidlik etdik. Vallah, billah nə bəxtəvər xalqın bəxtəvər vətəndaşıyıq: - yaşadığımız mürəkkəb, mürəkkəb olduğu qədər həssas bölgədə bir zamanlar ancaq xəyal etdiyimiz sülh-əminamanlığı bərqərar edən siyasi, tarixi hadisələrin canlı şahidlərindən oluruq. Zarafat deyil, indiyə qədər qulaqlarımızı “mazol edən” “Azərbaycanla Ermənistan arasında atəşkəs pozulub”, “ATƏT-in Minsk Qrupunun üzvləri regiona səfər edib” və sair kəlmələri üzrə bəstələnən, musiqi notları üzərində köklənən xəbərləri bir daha eşitməyəcəyik. Dağlıq Qarabağ kəlməsi kimi ATƏT-in Minsk Qrupu da artıq tarixin arxivinə gömülür. Çünki qalib liderimizin 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror əməliyatından dərhal sonra prinsipial tələblərindən biri Qarabağ düyünün çözülməsi ilə ATƏT-nin yarıtmaz Minsk Qrupuna da gərək qalmaması ilə bağlı idi. Ermənistan bu tələbdən hiyləgərliklə qaçmaq istəsə də, sonunda reallığı qəbul etdi və vaxtı ilə münaqişə tərəfləri olmuş Azərbaycan və Ermənistan Vaşinqton Bəyannaməsinə vacib bir müddəa daxil etdilər. Bununla da Minsk Qrupunun ləğv olunması üçün üzv dövlətlərin rəhbərlərinə müraciət olundu. Qəbul oediləcəyinə də zərrə qədər şübhə yoxdur. Çünki əsas söz sahibi olan Donald Tramp Azərbaycanın güclü liderinin yaratdığı yeni reallığı qəbul edibsə, digərləri dünəndən buna hazırdırlar.

Düzdür, ABŞ da imzalanmış Sülh sazişi yarandıqları vaxtdan passiv və aktiv münaqişə şəraitində yaşayan iki qonşu Qafqaz xalqları arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. Baxmayaraq ki, paraflanma hələlik yekun sülh sazişinin imzalanması demək deyil. Amma ABŞ prezidentinin şahidliyində tərəflər ən yüksək səviyyədə daimi sülhün əldə olunmasına tam razılıq vermiş olurlar. Ancaq və lakin imzalanmış bəyannamədə açıq tezislə qeyd olunur və cənab prezident İham Əliyevin də vurğuladığı kimi sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün Ermənistan rəhbərinin yerinə yetirməli bir çox ev tapşırıqları vardır. Onlardan ən vacibi Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Əbədi sülhə imza atan bir ölkənin Ana Yasasında heç bir qonşu ölkəyə heç bir ərazi iddiası da olmamalıdır. Daha sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, ora maneəsiz gediş-gəlişi təmin edən Zəngəzur dəhlizi açılmalıdır. Bizim üçün adın Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlandırılmasının elə bir fərqi yoxdur. Əsas odur ki, şimal və ya cənub küləyi oralarda əsməyəcək və buna da okeanın o tayında olan supergüc nəzarət edəcək və etibarlı təminat verəcək.

Bir faktı təkrar-təkrar xatırlatmaqda bir fayda vardır ki,  İlham Əliyev sözün hər bir mənasında qiptə edilən barmaqla sayıla bilən dahi liderdir. Böyük ədibimiz Hüseyn Cavidin qızıldan qiymətli “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” kəlmələri dediklərimizi əyani sübut edir. O, imza atdığı ilklərlə həm tarix yaradıb, həm də adını dünya tarixinə yazdıra bilib. Təsəvvür edə bilirsiniz, həmişə böyük güclərin 200 illik savaş meydançası olan həssas regiona həmişəlik sülh-əmin-amanlıq gətirir. Dağlıq Qarabağ və Şərqi Zəngəzuru azad etməklə ərazi bütövlüyünü, suverenliyi bərqərar edir. ATƏT-in Minsk qrupunun etməli olduğu sülhü özü gətirir, onu da “Qarabağ statusu kimi gedər-gəlməzə yola salır. Dünyanın supergüc mərkəzi ilə strateji əlaqə qurur,  “907-ci düzəliş” deyilən haqsız qərar birdəfəlik ləğv edir, və sair və ilaxır. Saymaqla bitmir. Bütün bunlar elə də asan başa gəlməyib. Ensklopedik biliyi, uzaqgörən-məqsədyönlü siyasəti, özünəməxsus lider keyfiyyətləri içərisində prinsipiallığı və özünə, xalqına və Allaha sonsuz inamı İlham Əliyevi öz məqsədlərinə çatdırmağa səbəb-nəticə olub. Doğurdanda belə lider Allahın sevimli xalqa bir lütvüdür. Allahın bəxş etdiyini sevmək bəndənin borcudur.

Ermənistanın baş naziri Nikol Paşinyan gəldikdə, düşünürəm ki, o da avantürüst erməni xalqının əvəzolunmaz lideri olmağa tək namizəddir. Ona görə ki, ən azı “Dənizdən-dənizə Böyük Ermənistan” xülyasının boş-cəfəngiyat olduğunu, onlara ancaq bədbəxtçilik gətirdiyini, əslində bir ovuc toplum olduğunu, mənasız ideyalarından əl çəkməyəcəyi təqdirdə toplum kimi də yox olacağına özünü inandırdı və  başı-bəlalı erməni xalqına da başa sala bildi. Allah onu öz xalqının başının üzərindən əskik etməsin!