Xəbərlər
Azərbaycanın ŞƏT gündəliyi: dialoq, tərəfdaşlıq və geosiyasi təşəbbüslər
Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi reallıqlar sürətlə dəyişir. Dünyanın siyasi və iqtisadi güc mərkəzləri arasında yeni əməkdaşlıq formatları yaranır, ənənəvi ittifaqların yanında regional və qitələrarası tərəfdaşlıq mexanizmləri daha böyük əhəmiyyət qazanır. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsidir.
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirakı məhz bu siyasi kursun mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olması ilə yanaşı, dövlət başçısının təşkilatın yüksək səviyyəli tədbirlərinə ardıcıl şəkildə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı siyasi çəkini göstərən mühüm amillərdəndir. Prezidentin 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada və 2025-ci ildə Tiencində keçirilən ŞƏT tədbirlərində iştirakı bu diplomatik xəttin ardıcıllığını nümayiş etdirir.
ŞƏT – Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm platformasında mühüm yer tutur. Prezident İlham Əliyevin ŞƏT diplomatiyasının əsas xüsusiyyətlərindən biri Azərbaycanın təşkilata üzv dövlətlərlə münasibətlərinin yalnız bir istiqamətlə məhdudlaşmamasıdır. ŞƏT məkanında Çin, Rusiya, Hindistan, İran, Pakistan, Mərkəzi Asiya dövlətləri kimi mühüm geosiyasi aktorlar təmsil olunur. Bu ölkələrin hər biri ilə Azərbaycanın ikitərəfli münasibətlərinin özünəməxsus siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi var. ŞƏT platformasından həm ikitərəfli münasibətləri daha geniş çoxtərəfli kontekstdə təqdim etmək və Azərbaycanın mövqeyini qlobal auditoriyaya çatdırmaq üçün istifadə edilir. Bu baxımdan ŞƏT Azərbaycanın xarici siyasətində sadəcə beynəlxalq tədbirlərdə iştirak məkanı deyil. Bu platforma Azərbaycan diplomatiyasının müxtəlif güc mərkəzləri ilə dialoqunu dərinləşdirdiyi, milli maraqların ifadə olunduğu və regional təşəbbüslərin təqdim edildiyi siyasi meydandır.
Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi, Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizm, ekstremizm və separatçılıqla mübarizə, regional təhlükəsizlik və sabitlik, eləcə də sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq kimi istiqamətləri əhatə edir. 2024-cü ilin iyulunda Astanada keçirilən “ŞƏT plyus” formatında görüş Prezident İlham Əliyevin təşkilat çərçivəsində diplomatik fəaliyyətinin xüsusi mərhələlərindən biri oldu. Görüşdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirdi. Azərbaycan Prezidentinin bu toplantıya dəvət olunması onun beynəlxalq nüfuzuna göstərilən yüksək diqqətin ifadəsi kimi qiymətləndirildi. Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin eyni diplomatik məkanda nümayiş etdirilməsi baxımından mühüm idi.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşlər keçirdi. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında üçtərəfli görüş də baş tutdu. Çinlə münasibətlərdə isə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul edilməsi Astanadakı diplomatik gündəliyin ən mühüm nəticələrindən biri oldu. Bu mənzərə bir siyasi həqiqəti ortaya qoyur: Azərbaycan Prezidentinin ŞƏT tədbirlərində iştirakı paralel şəkildə bir neçə geosiyasi istiqamətdə dialoq aparmağa imkan verir. ŞƏT platformasında Azərbaycan diplomatiyasının ən diqqətçəkən istiqamətlərindən biri Çinlə münasibətlərin sürətli inkişafıdır.
Astana sammitində Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkənin münasibətlərində yeni mərhələ yaratdı. Sözsüz ki, bu, yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın Avrasiyanın yeni iqtisadi və nəqliyyat xəritəsində mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Çin üçün Azərbaycan Avropa istiqamətində mühüm nəqliyyat bağlantısıdır. Azərbaycan üçün isə Çin dünyanın aparıcı iqtisadi güclərindən biri, böyük investisiya və ticarət tərəfdaşı, eyni zamanda Orta Dəhlizin əsas iştirakçılarından biridir. Bu bir reallıqdır ki, Azərbaycan Prezidentinin ŞƏT platformasındakı çıxışlarında təşkilatın gündəliyi ilə Azərbaycanın milli maraqları bir-birini tamamlayır.
Regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələri kimi məsələlər Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərinin əsasını təşkil edir. Orta Dəhliz isə bu əməkdaşlığın ən mühüm iqtisadi-geosiyasi elementlərindən birinə çevrilir. Azərbaycanın mövqeyi aydındır: Şərqlə Qərb arasında yerləşən ölkə kimi Bakı yalnız tranzit marşrutun iştirakçısı olmaq deyil, Avrasiyanın nəqliyyat və logistika sisteminin əsas qovşaqlarından birinə çevrilmək istəyir. Bu strategiyanın siyasi tərəfi isə ondan ibarətdir ki, Azərbaycan öz coğrafi mövqeyini diplomatik kapitala çevirir. Məhz bu kontekstdə 2026-cı il avqustun 31-də Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ŞƏT diplomatiyasının yeni mərhələsinin göstəricisi oldu. Bişkekdə keçirilən görüşlər Azərbaycan Prezidentinin ŞƏT platformasından nə dərəcədə fəal siyasi dialoq vasitəsi kimi istifadə etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycanın ŞƏT diplomatiyasının iqtisadi əsasında nəqliyyat və logistika dayanır. Orta Dəhliz Azərbaycan üçün sadəcə yükdaşıma marşrutu deyil. Bu layihə ölkənin geosiyasi əhəmiyyətini artıran strateji infrastrukturdur. Çin və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycanın regional əhəmiyyətini yüksəldir. Prezident İlham Əliyevin ŞƏT platformalarında nəqliyyat məsələlərinə xüsusi diqqət yetirməsi də bununla bağlıdır. Azərbaycanın məqsədi coğrafi mövqedən siyasi və iqtisadi üstünlük yaratmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri bu strategiyanın müxtəlif elementlərini təşkil edir. Beləliklə, nəqliyyat diplomatiyası Azərbaycan xarici siyasətinin mühüm alətlərindən birinə çevrilir.
Prezident İlham Əliyevin ŞƏT tədbirlərində diplomatik fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycan-Ermənistan münasibətləridir. Bişkek görüşünün göstərdiyi kimi, Azərbaycan regional sülh məsələsini geniş beynəlxalq platformalarda da gündəmə gətirir. Bununla yanaşı, Bakı sülh prosesini iqtisadi və nəqliyyat əlaqələri ilə tamamlanan praktik əməkdaşlıq modelinə çevirməyə çalışır. Bu yanaşma Azərbaycanın regional siyasətinin mühüm xüsusiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı və burada keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricilərindən biridir. 2022-ci ildə Səmərqənddən başlayan, 2024-cü ildə Astanada strateji tərəfdaşlıq gündəliyi ilə dərinləşən, 2025-ci ildə Tiencində Çinlə hərtərəfli strateji tərəfdaşlığın ön plana çıxdığı və 2026-cı ildə Bişkekdə regional sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə davam edən bu diplomatik xətt təsadüfi xarakter daşımır. Bu, Azərbaycanın xarici siyasət strategiyasının ardıcıl nəticəsidir.
Prezident İlham Əliyevin ŞƏT platformasındakı fəaliyyəti bir tərəfdən Azərbaycanın milli maraqlarını beynəlxalq səviyyədə müdafiə etməyə, digər tərəfdən isə ölkənin regional və qlobal proseslərdə fəal iştirakını təmin etməyə yönəlib. Ən mühüm məqam isə bundan ibarətdir ki, Azərbaycan bu proseslərdə yalnız müşahidəçi mövqeyində deyil. Bakı nəqliyyat dəhlizləri, regional sülh, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və multilateralizm kimi istiqamətlərdə konkret təşəbbüslərlə çıxış edir. Bütün bunlar onu deməyə əsas verir ki, ŞƏT diplomatiyası Azərbaycanın müstəqil xarici siyasət kursunun mühüm nümunələrindən biridir. Bu diplomatiya müxtəlif güc mərkəzləri ilə paralel və qarşılıqlı faydalı münasibətlərin qurulmasına, Azərbaycanın regional təşəbbüslərinin geniş beynəlxalq auditoriyaya çatdırılmasına və ölkənin geosiyasi əhəmiyyətinin möhkəmləndirilməsinə xidmət edir. Səmərqənd, Astana, Tiencin və Bişkek xətti göstərir ki, Azərbaycan ŞƏT məkanında özünün siyasi, iqtisadi və strateji maraqlarını ardıcıl şəkildə irəli sürür.
Prezident İlham Əliyevin bu platformadakı diplomatik fəaliyyəti, mahiyyət etibarilə, Azərbaycanın Şərq və Qərb arasında körpü olmaqdan daha artıq – Avrasiyanın yeni siyasi və iqtisadi nizamının formalaşmasında fəal iştirak edən dövlətə çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Bu baxımdan ŞƏT platforması Azərbaycan üçün yalnız çoxtərəfli diplomatiya meydanı deyil. O, Azərbaycanın artan geosiyasi çəkisinin nümayiş etdirildiyi, milli maraqlarının müdafiə olunduğu və yeni regional əməkdaşlıq imkanlarının formalaşdırıldığı mühüm siyasi tribuna kimi çıxış edir.
