Xəbərlər
Azərbaycan dilinin tarixi və bugünü

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi, zənginləşməsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsidir. Ulu Öndər Azərbaycan dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım olduğunu çox yaxşı bilirdi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Ümummilli Lider özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaratmışdır. Azərbaycan dilinin dövlət dili statusu qazanması Onun fəaliyyətinin əsasında dayanaraq bu istiqamətdə göstərdiyi səylər, fədakarlıq öz müsbət nəticəsini vermişdir. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinin qorunması prioritet oldu. 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır. Bu sənəd dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun Azərbaycan dilinin inkişafı, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət başçısı İlham Əliyev, həmçinin 2018-ci il noyabrın 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladı. Bu sənəd ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.
Dilimizin qorunması və inkişaf etdirilməsi bütün dövrlərdə əsas diqqət göstərilən məsələlərdəndir. Günümüzün əsas çağırışı gənclərimizin, vətənpərvərlik, milli ruhda tərbiyəsidir. Azərbaycançılığın əsas tərkib hissələrindən biri məhz dilimizin qorunmasıdır. Dilimizi sevdirmək üçün onu sevməliyik. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.