Xəbərlər
Ana dilimizin inkişafı və zənginləşdirilməsi

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində çox böyük xidmətləri olmuşdur. Ulu öndər deyirdi “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ulu öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.
Əbədiyaşar Liderimiz Heydər Əliyevin ana dilimizin qorunub saxlanılmasındakı xidmətlərindən biri və ən əsası Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilməsi olmuşdur. O dövrdə, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş və SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Təbii ki, belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq olduqca çətin idi. Dil məsələsini qabardanlar, təqib olunur, cəzalanır və Sibirə sürgün olunurdu. Lakin bütün bu çətinliklərə , qadağala baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu böyük uğur, tarixi nailiyyət olmaqla yanaşı, dilimizin qorunub saxlanılmasında olduqca əhəmiyyətli hadisə idi.
Qədirbilən xalqımızın istəyi, arzusu və təkidli tələbi ilə 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da ana dilimizə xüsusi olaraq önəm vermişdir. Ulu öndərin müstəqillik dövründə imzaladığı 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı, 4 iyul 2001-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında", 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Sərəncamları ulu öndərin dilimizə nə qədər önəm verdiyini bir daha sübut edir.
“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”,-deyən Ümummilli liderin bu ifadələri Ana dilimizə olan sevgisinin, verdiyi dəyərin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Ana dili siyasətini də uğurla davam etdirən Prezident cənab İlham Əliyev müasir dövrdə dilimizə böyük həssaslıqla, diqqətlə yanaşır. Dövlət başçımızın müxtəlif illərdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi istiqamətində imzaladığı sərəncamları Azərbaycan dilinə olan diqqətinin, qayğısının göstəricisidir.
Ana dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşan Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.
"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir", - deyən Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir.