YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana dilinin qorunması və inkişafına dövlət səviyyəsində ardıcıl dəstək göstərilir

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri

Dünyanın sayılıb seçilən siyasətçi və dövlət xadimlərindən biri Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində milli-mənəvi inkişafa qayğı mühüm yer tutmuşdur. Milli-mənəvi inkişafı elm və təhsil siyasəti, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq və soykökə qayıdış, gənclər siyasəti kimi kateqoriyalara ayırmaq olar. Bunların içərisində milli-mənəvi dəyərlərin qorunması strateji hədəf olub, siyasi fəaliyyətin əsas xəttini, məramını və məqsədini təşkil edir.

Heydər Əliyev Azərbaycan Respublikası gənclərinin birinci forumundakı söylədiyi  “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”, sözlərində milli-mənəvi dəyərlərə verilən yüksək qiymət öz parlaq ifadəsini tapmışdır.

Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində doğma dilimizin rolu olduqca böyükdür. Məlumdur ki, sovet hakimiyyəti illərində bütün milli dillər kimi Azərbaycan dilinə münasibətdə də böyük ədalətsizliklərə yol verilmiş, ayrı-ayrı vaxtlarda isə Azərbaycan dilinin qanuni hüququnun özünə qaytarılması üçün göstərilən cəhdlər Mərkəzin ciddi müqaviməti ilə qarşılaşmışdı. Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul olunarkən, orada Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu, lakin Sovetlər İttifaqının ümumi dili rus dili hakim dil olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi yolunda çoxlu maneələr yaradılmışdı. 70-ci illərin sonlarında Heydər Əliyevin təşşəbüsü ilə dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının nəticəsi idi. Yalnız müstəqillik illərində Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı, eyni zamanda doğma dilimiz barədə əvvəllər yol verilmiş nöqsanlara son qoyuldu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasında (maddə 21) təsbit olundu ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Azərbaycan dilinin dövlət dili statusunda təkcə azərbaycanlılara deyil, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni dərəcədə sədaqətlə xidmət etməsi, milli-mənəvi dəyərlərimizin qorunması və tərəqqisi baxımından yeni və mühüm bir mərhələni təşkil edir.

Hər bir millətin inkişafinda onun varlığı və yaşama amili olan dilinin müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili hər bir xalqın varlığı üçün başqa bütün amillərdən uca tutulurdu. Heydər Əliyevin ana dilinə olan qayğısı bütün hakimiyyəti boyu davam etmişdir. Dövlət başçısının “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanlarını buna misal göstərmək olar. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım idi.

Heydər Əliyevin fəaliyyətində milli dil siyasəti həmişə mühüm mövqe, aparıcı yer tutmuş və o, Azərbaycan dilinin zənginliyinə, bədii estetik qaynaqlarına, mürəkkəb fəlsəfi məntiq tutumuna, zəngin ifadə imkanlarına, güclü söz ehtiyatına dərindən bələd olduğu üçün həmişə bu böyük ümummilli sərvətin keşiyində dayanmış, onun cəsarətli müdafiəçisi, səmimi təəssübkeşi olmuşdur. Onun Milli televiziya ilə göstərilən iclaslarda, ümumrespublika toplantılarında rusdilli müraciətlərə dəfələrlə etiraz etməsi, doğma dildə qusurla danışan nazirləri danlaması, çox nüfuzlu beynəlxalq görüşlərdə Azərbaycan dilində danışması, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalaması Heydər Əliyevin dilə sonsuz qayğısının parlaq nümunəsidir. Heydər Əliyev öz ana dilinə, doğma Azərbaycan dilinə sahib çıxan, Azərbaycan dilinin keşiyində dayanan bir rəhbər idi. Müstəqil Azərbaycan Respublikasının dövlət dili-Azərbaycan dili Heydər Əliyevin qətiyyətli çıxışlarında, nitq mədəniyyətində bütün gücü, qüdrəti ilə görünür. Heydər Əliyevin nitqləri canlı Azərbaycan dili abidələridir.

Heydər Əliyevin ana dilimizə bu qədər sonsuz məhəbbətlə yanaşması, onu sevməsi, beynəlxalq tribunalarda, yüksək səviyyəli görüşlərdə bu dildə danışması həm Ulu Öndərə sonsuz məhhəbət oyadır, həm onları doğma dili onun qədər sevməyə, öyrənməyə çağırır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ana dili siyasəti cənab Prezident İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqətdə saxladığı əsas məsələlərdəndir. Cənab İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, eyni zamanda əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  1 noyabr 2018-ci il tarixli fərmanı ölkəmizdə dövlət dili istiqamətində aparılan məqsədyönlü siyasətin davamıdır. Bu, həmçinin özünəməxsus davamlı ənənələrə, möhkəm prinsiplərə, zəngin söz ehtiyatına malik dilimizin yad təsirlərdən qorunmasına xidmət edir. Bu fərman Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və saflığının qorunması kimi vəzifələri özündə ehtiva edir.

Məqaləni Prezident İlham Əliyevin fikri ilə bitimək yerinə düşər: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.