YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Media milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb

“İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü tamam olur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Xüsusilə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin mətbuatının inkişafında yeni mərhələ başlayıb və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanıb. Bu gün Azərbaycan mətbuatına dövlət qayğısı yüksək səviyyədədir. Eyni zamanda, kütləvi informasiya vasitələrimiz ölkəmizdə həyata keçirilən siyasətin uğurlarının təbliğ edilməsində, milli və dövlət maraqlarımızın qorunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdədir. Xüsusilə mətbuatımız Ermənistanın 30 ilə yaxın işğal siyasəti dövründə bu işğal siyasətinin ifşa edilməsində, 44 günlük Vətən müharibəsi zamanı qələbə xəbərlərinin xalqımıza çatdırılmasında müstəsna rol oynayıb. Millət vəkilinin sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib: “Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan, mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. 2021-ci ilin dekabrında Milli Məclis tərəfindən “Media haqqında” yeni qanunun qəbul olunması, cari ilin növbədənkənar sessiyasında media qanunvericiliyinə yeniliklərin edilməsi isə bu sahədə aparılan islahatların göstəricisidir. Eyni zamanda, dövlətimizin başçısı cənab İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verir. Bundan əlavə, milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, dövlət tərəfindən bu sahəyə dəstəyin davam etdirilməsi Azərbaycan mətbuatına diqqət və qayğının nümunəsidir.”