Xəbərlər
“Mətbuatımızın təşəkkülü və tarixi missiyası”

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş “Mətbuatımızın təşəkkülü və tarixi missiyası” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, RİH başçısının birinci müavini Gülarə Verdiyeva, RİH başçısının müavini Ramiz Quliyev və digərləri 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşr edilməsi ilə milli mətbuatın təməlinin qoyulduğunu, bunun ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələyə yol açdığını deyiblər.
Qeyd olunub ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mətbuat sahəsində mühüm tədbirlər həyata keçirilib. 1998-ci ildə dövlət səviyyəsində KİV üzərində senzuranın tamamilə ləğv olunması ölkəmizin demokratik inkişafında böyük əhəmiyyətə malik hadisə idi.
Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.