Xəbərlər
YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət YAP nümayəndə heyəti Barış Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdədir.
Səfər çərçivəsində YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib. İyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və ŞKTC arasında tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətləri vurğulanıb, siyasi partiyalar arasında əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Tərəflər mədəniyyət, təhsil və gənclər sahəsində birgə təşəbbüslərin və müştərək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
YAP nümayəndə heyəti Şimali Kiprin Baş naziri Ünal Üstel ilə də görüşüb. Görüş zamanı Azərbaycan və ŞKTC arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət imkanlarının araşdırılması, turizm, təhsil və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Tərəflər regionda sülh və sabitliyin qorunmasının vacibliyini də xüsusi olaraq qeyd ediblər.
Bundan əlavə, nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi, eləcə də qanunvericilik sahəsində birgə müzakirələrin təşkili imkanları dəyərləndirilib. Qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın gücləndirilməsi xüsusi olaraq vurğulanıb.
Günün sonunda YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Ziya Öztürkler və xanımı Oya Öztürklerin adından Barış Hərəkatının 51-ci ildönümü münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib. Rəsmi ziyafət zamanı qonaqlara ŞKTC-nin müstəqillik mübarizəsi və bu əlamətdar günün tarixi önəmi barədə məlumat verilib, həmçinin dövlətlər və siyasi partiyalar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinin önəmi vurğulanıb.