Xəbərlər
Dünya ictimaiyyətinə həm diplomatik, həm də siyasi bir mesaj

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Dünya ictimaiyyətinin diqqətini Xankəndinə yönəldən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün işğaldan azad edilmiş Azərbaycanın qədim şəhəri olan Xankəndində keçirilməsinin zəruri və strateji əhəmiyyəti var. İqtisadi Əməkdaşlıq Təşkilatı kimi dünyada olduqca nüfuzlu bir qurumun Zirvə görüşünün Xankəndində təşkil edilməsi, eləcə də təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının nümayəndələrinin iştirak etməsi Azərbaycanın müstəqil, qətiyyətli siyasətinin, eləcə də ölkəmizin tam suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu sübut edir. Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün gerçəkləşməsi, dünya ictimaiyyətinə həm diplomatik, həm də siyasi bir mesajdır.
Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev bir daha Ermənistanın 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğal altında saxladığını və bu işğal siyasətinin dünyanın təhlükəsizliyinə və beynəlxalq hüquqa ciddi zərbə vurduğunu xatırlatdı. İşğal dövründə Ermənistan bir milyon soydaşlarımızı öz yurd yerlərindən qovmaqla yanaşı, mədəni, dini abidələrimizi yerlə yeksan etmişdi. Məscidlərimiz dağıdılmaqla yanaşı təhqir olunmuşdur. Ölkə başçımızın vurğuladığı kimi ermənilər bu hərəkətləri ilə dünya müsəlmanlarını təhqir etmişlər. Prezident cənab İlham Əliyev işğal dövründə dəfələrlə Ermənistana və onlara havadarlıq edən dövlətlərə Azərbaycan dövlətinin və xalqının işğalla barışmayacağını və torpaqlarımızı işğaldan azad edəcəyini vurğulamışdı. Təəssüflər olsun ki, nə Ermənistan, nə də havadarları Azərbaycan dövlətinin xəbərdarlığına məhəl qoymadılar. 2020-ci ildə Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə riayət edərək hərbi və siyasi yolla torpaqlarımızı işğaldan azad etdi. Işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən dünya liderləri Azərbaycanın gördüyü bu işləri yüksək qiymətləndirirlər. Artıq işğaldan azad edilmiş şəhərlərimiz ən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçmişlə yanaşı gələcəyə baxış platforması kimi yadda qalacaq. Çünki artıq bir neçə ildir Böyük Qayıdış proqramına uyğun olaraq şəhər və kəndlərimiz müasir formada yenidən qurulur, keçmiş məcburi köçkünlərimizin bir hissəsi öz yurd-yuvalarına qayıdırlar və bu proses davam etdirilir.
Prezidentimiz çıxışında Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının Ermənistan və beynəlxalq ictimaiyyət tərəfindən də təmin olunmasını vurğuladı. Təəssüflər olsun ki, bu gün Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edir. Ermənistan rəhbərliyi unutmamalıdır ki, azərbaycanlıların Qərbi Azərbaycana, öz yurd yerlərinə dönməsi tamamilə beynəlxalq hüquqa əsaslanır. Soydaşlarımızın öz yurd yerlərinə dönmələri təmin edilməlidir və bu reallaşacaq. Azərbaycan üzv olduğu bütün təşkilatlarda olduğu kimi Iqtisadi Əməkdaşlıq Təşkilatının işində də fəal iştirak edir və təşkilatın güclənməsinə öz töhfəsini verir.
2024-cü ildə Şuşada Nazirlər Şurası, Laçın şəhərində Zirvə, Ağdamda isə Gənclər Forumunun keçirilməsi Azərbaycanın təşəbbüsü ilə baş tutmuşdu. 2026-cı ildə Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi Qarabağın və Şərqi Zəngəzurun iqtisadi, mədəni inkişafına böyük təsir göstərəcək, eləcə də beynəlxalq səviyyədə daha yaxşı tanınmasına xidmət edəcək.
Iqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndindəki Zirvə görüşü Azərbaycan dövlətinin gücünü, eləcə də Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsini dünyaya göstərən bir hadisə oldu.