Xəbərlər
Misilsiz tarixi xidmət nümunəsi

Eldar İbrahimov
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor
Hər bir xalqın həyatında tarixi əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək taleyini müəyyən edən çox böyük bir inkişafın başlanğıcının əsası qoyulur. Azərbaycan xalqının həyatında belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış və hər il böyük sevinclə qeyd etdiyimiz 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i sözün əsl mənasında xalqımız üçün qurtuluş tarixidir. Bu əzəmətli tarixi yaradan isə Azərbaycan Respublikasının bir dövlət kimi formalaşmasında, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir. Bu tarixi Milli Qurtuluş gününün yaranmasının mahiyyətini dərindən anlamaq üçün Heydər Əliyevin həyat və fəaliyyətinə qısaca da olsa nəzər salmaq lazımdır.
Heydər Əliyev ilk azərbaycanlıdır ki, dövlət təhlükəsizliyi sistemində ilk general rütbəsinə maıik olmaqla Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində bu sistemə rəhbərlik etmişdir. Onun bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və bu vəzifədə 1982-ci ilə kimi Azərbaycana rəhbərlik etmişdir. Həmin dövrün başlanğıcında İttifaq miqyasında geridə qalmış və çox az tanınan aqrar-sənaye diyarı olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında 1982-ci ildə sənaye-aqrar respublikası kimi tanınmağa başladı. Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində respublikamızda İttifaqda ən iri sənaye müəssisələri olan Bakı kondinsonerlər zavodu, soyuducular zavodu, yeni neftayırma zavodu və bir çox maşınqayırma və digər sənaye obyektləri tikilib istifadəyə verildi. Bu müddət ərzində kənd təsərrüfatının maddi-texniki bazası möhkəmləndirildi, bu sahədə istehsalın sənaye əsasında inkişafı üçün çox sayda quşçuluq fabrikləri və heyvandarlıq kompleksləri fəaliyyətə başladı. Bunun nəticəsiində respublikamız üzüm istehsalında İttifaqda birinci yerə çıxdı və pambıq istehsalında ilk dəfə olaraq bir milyon ton həddini keçdi. Məhz Heydər Əliyevin təşəbbüsü və möhkəm iradəsi sayəsində hər il minlərlə Azərbaycanlı gənclər İttifaqın tanınmış ali məktəblərində ölkəmizin gələcək inkişafını təmin edəcək müxtəlif ixtisaslar üzrə təhsil almağa başladılar. Həmin illərdə Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində respublikamızda istehsalın bütün sahələrində yeni bir inkişaf dövrü başladığı kimi xalqımızın sosial həyatında da böyük dəyişikliyin əsasları qoyuldu. Belə ki, respublikamızın ərazisində işıq, qaz, su, rabitə xətlərinin genişləndirilməsi, yol çəkilişi və digər infrastruktur obyektlərin tikintisi böyük vüsət aldı, kənd və şəhərlərimizin siması kökündən dəyişdi, çoxlu sayda və müasir tələblərə uyğun məktəblər, xəstəxanalar tikilib istifadəyə verildi, mədəniyyət sarayları, teatr binaları və digər sosial təyinatlı obtektlər fəaliyyətə başladı.
Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə respublikamızın və xalqımızın həyatında baş verən bu möhtəşəm inkişaf sonralar respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi nəticəsində qazanılan uğurlar hörmətli Prezident İlham Əliyev cənablarının “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında qısa müddət ərzində əldə edilən bu heyrətamiz nailiyyətlər İttifaq rəhbərliyini Azərbaycanın bu görkəmli oğlunu SSRİ rəhbərliyində təmsil olunmağa vadar etdi və 1982-ci ildə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. O, bu vəzifədə də özünün bacarıqləı təşkilatçı və yüksək rəbərlik xüsusiyyətlərinə malik olduğunu nümayiş etdirdi. Belə ki, həmin vəzifədə işləyərkən Heydər Əliyevə SSRİ kimi nəhəng bir ölkədə acınacaqlı bir durumda olan səhiyyənin, nəqliyyatın və digər sahələrin inkişaf etdirilməsi həvalə edilmişdir. Heydər Əliyev öz əzmkarlığı, qətiyyətli qərarlar qəbul etmək bacarığı, işgüzarlığı, yüksək rəhbərlik və təşkialatçılıq qabiliyyəti sayəsində ona tapşırılan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyi bacardı. Heç də təsadüfi deyildir ki, dünyanın ən böyük maliyyə tutumu olan Baykal-Amur-Magistralının (BAM) tikilib başa çatdırılması Heydər Əliyevin adı ilə bağlıdır və bunu Rusiya Federasiyasının hazırkı rəhbərliyi də səmimiyyətlə qeyd edir.
Heydər Əliyevin bu vəzifədə əldə etdiyi yüksək nailiyyətlər ona ölkə daxilində böyük nüfuz qazandırmaqla yanaşı dünyanın aparıcı ölkələrində dövlət səfərlərində olanda həmin ölkələrin rəhbərləri tərəfindən də ehtiramlı qarşılanır, onunla razılığa gəlirdilər. Heydər Əliyevin bütün bu uğurlu fəaliyyəti onu istəyənlərin sevincinə səbəb olsa da SSRİ rəhbərliyinin ən yüksək pilləsində olan, dövlətin və xalqın mənafeindən öz şəxsi mənafeini üstün tutan, şovinist Mixail Qorbaçovun paxıllıq hissini daha da gücləndirməklə Heydər Əliyevə qarşı təqiblərə səbəb olmuşdu. Yaranmış bu xoşagəlməz vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev 1987-ci ildə öz vəzifəsindən istefa verməyə məcbur oldu.
Bundan bir neçə gün sonra SSRİ rəhbərliyinin Heydər Əliyevdən çəkindikləri üçün dəstək verə bilmədikləri bir antiazərbaycan prosesi - ermənilərin çoxdan çalışdıqları məkrli separatizm siyasəti baş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarıldı. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Respublikamızda erməni separatizmi Moskvanın əli ilə genişlənməyə başladı və Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyi və xalqı naminə fəaliyyətini hakimiyyətdə olmadığı dövrlərdə də davam etdirərək ən çətin anlarda xalqının yanında olmuşdur. Belə ki, xalqımızın böyük oğlu həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zaman hakimiyyətdə olan Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham edən bəyanatla Moskvada - Azərbaycan nümayəndəliyində çıxış etmişdir. Bu kəskin bəyanatdan sonra o, Moskvada yaşamağın mənasız olduğunu bilərək 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə doğma yurdu olan Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir.
Ümummilli Lider Heydər Əliyevin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində gördüyü işlər müstəqil dövlətimizin qurulmasına yönəlmiş strategiyanın tərkib hissəsi idi. Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması sayəsində sosial-iqtisadi inkişafa nail olunması ilə nəticələnmiş, həm də muxtar respublikanı işğal təhlükəsindən qorumuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Heydər Əliyevin bu qətiyyəti 1991-ci ilin 18 oktyabrında bütövlükdə Azərbaycanın öz müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə isə nəinki Azərbaycanın, həm də Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. 1990-1993-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun islahatlar aparılaraq yeni iqtisadi model formalaşdırıldı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılır, bölgənin erməni silahlı qüvvələrindən təhlükəsizliyi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilirdi.
Bununla yanaşı həmin dövrdə, öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasına liderlik xüsusiyyətlərinə malik olmayan, şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı daxildə hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Ermənistan ordusu isə havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Bundan daha da azğınlaşan erməni quldurlar 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər. Belə bir vaxtda Azərbaycan Respublikasının Prezidenti və Ali Sovetin sədri istefa verdiklərindən hakimiyyət boşluğu yaranmışdı. Bu boşluğu aradan qaldırmaq üçün Ali Sovetə sədr seçilməsi üçün 1992-ci il mayın 18-də keçirilən sessiyada mən çıxış edərək bildirdim ki, ölkəmizin hazırkı ağır vəziyyətində belə bir böyük məsuliyyət tələb edən vəzifəni eksperiment obyektinə çevirmək olmaz. Və bu vəzifəyə görkəmli dövlət xadimi, böyük dövlətçilik və idarəetmə təcrübəsinə malik Heydər Əliyevin namizədliyini təklif etdim. Həmin vaxt Naxçıvanda olan Heydər Əliyevlə danışmaq qərara alındı. Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq Naxçıvanla telefon əlaqəsi yaratmaq mümkün olmadı və təklifim keçmədi.
Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan və Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsinin rəhbərləri 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də buna nail ola bilmədilər. Çünki, Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra-1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı yüksək səviyyədə təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycana rəhbərlik edən xalq cəbhəsi-müsavat cütlüyünün formalaşdırdığı hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsinin olmaması, işə məsuliyyətsiz yanaşmaları ölkədə hərc-mərclik və xaosun baş verməsinə səbəb olmuşdu. Bunun nəticəsində Azərbaycanın silahlı qüvvələri özlərinin yerləşdikləri mövqelərdən geri çəkilir və bununla da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu rayonların da işğalına şərait yaranırd.
Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi və ölkədə vətəndaş müharibəsinin başlanmasına və müstəqilliyin əldən getməsinə real təhlükə yarandığını görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Muxtar Respublikaya çox uğurla rəhbərlik edən Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali qanunverici orqanının sədri seçildi. Heydər Əliyev parlament sədri olduğu qısa zaman kəsiyində (15 iyun - 3 oktyabr 1993-cü il) Ali Sovetə əsl parlament mədəniyyəti gətirməklə bu ali hakimiyyət orqanının özünəməxsus imicini bərpa etdi. Bundan sonra yenicə müstəqillik əldə edən Azərbaycan Respublikasının iqtisadiyyatının bazar münasibətləri əsasında formalaşmasını təmin etməyə yönəlmiş mühüm əhəmiyyət kəsb edən qanun və qərərların müzakirə edilməsi və qəbul olunması istiqamətində işlər genişləndi. Məhz Ümummilli liderin təşəbbüsü ilə Xocalı faciəsi parlamentin müzakirəsinə çıxarılaraq ona hüquqi-siyasi qiymət verildi, Ermənistan-Azərbaycan müharibəsi və digər vacib məsələlər müntəzəm olaraq parlamentdə müzakirə olunmağa başladı.
Heydər Əliyev oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və onun rəhbərliyi ilə tezliklə ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, siyasi sistemin təkmilləşməsi və digər istiqamətlər üzrə düşünülmüş və gələcək inkişafa yönələn möhkəm addımlar atıldı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən müəyyən qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı Ulu Öndərin rəhbərliyi ilə vaxtında və yüksək peşəkarlıqla alındı və ölkədə hərtərəfli inkişafa zəmin yaradan daxili sabitlik təmin olundu. Bununla yanaşı ölkəmizin xarici siyasətinin formalaşması istiqamətində də işlər sürətləndirildi və Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən isə bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında Ermənistanla müqavilə imzalanaraq atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Bunun bariz nümunəsi kimi “Əsrin müqaviləsi”ni göstərmək olar.
Belə ki, Azərbaycanın gələcəyinin neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində görən Heydər Əliyev atəşkəs müqaviləsindən sonra yaranan nisbi sabitlikdən və bir çox ölkənin Azərbaycana etibarının artmasından istifadə etməklə Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı xarici investorların cəlb edilməsini zəruri hesab edərək dünyanın tanınmış neft şirkətləri ilə danışıqlara başlandı. Lakin Azərbaycanın müstəqil siyasət yeritməsini və inkişafını istəməyən bəzi dövlətlər bunun əleyhinə çıxır, hətta ölkəmizi hədələməkdən belə çəkinmirdilər. Bütün bunlara baxmayaraq Heydər Əliyevin qətiyyəti və həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də 8 ölkənin 13 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən çox mühüm və böyük əhəmiyyət kəsb edən addımlar idi. Bunun nəticəsidir ki, hazırda respublikamız müxtəlif istiqamətlər üzrə dünyanın bir çox ölkələrinə neft və qaz ixrac etməklə onların enerji təhlükəsizliyinin təmin edilməsində böyük paya malikdir. Bu uğurların əldə edilməsində isə Heydər Əliyevin iknci dəfə Azərbaycana rəhbərliyə qayıtması nəticəsində əldə edilən “Əsrin müqaviləsi”nin müstəsna rolu vardır.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin – Milli Qurtuluşun nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluşu deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiyası qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Dahi siyasətçi Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə qayıdışı sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri öz çıxışlarında bu günün Azərbaycan xalqının milli qurtuluş günü kimi elan edilməsini tələb edirdilər. Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də Parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da mənim təklifim dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının Bayram günləri siyahısına daxil edildi.
Ulu Öndər Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində(1969- 1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə isə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Bununla da Heydər Əliyev dövlətinə və xalqına xidmət edən ölkə rəhbəri nümunəsini formalaşdırdı. Bu münasibətlə Ulu Öndər demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.
Ümummilli Lider Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və məhz buna görə qədirbilən xalqımız Ulu Öndəri özünün Ümummilli Lideri elan etmişdir.
Dahilərin böyüklüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.
Heydər Əliyevin Prezident seçkiləri ilə əlaqədar 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin bariz nümunəsi idi. “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu öndərin bu tarixi müraciətindən indiyə kimi olan müddətdə respublikamızın həyatında baş verən hadisələr onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində beş dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
2024-ci il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev cənablarının böyük səs çoxluğu ilə (92,1 faiz) inamlı qələbəsi Ulu Öndərin varis seçiminin nə qədər düzgün olduğunu növbəti dəfə təsdiq etdi və hörmətli prezidentimizin rəhbərliyi ilə son 22 il ərzində ölkəmizdə aparılan ictimai-siyasi, beynəlxalq, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirildi. Belə ki, bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir və ölkəmizə indiyə kimi 300 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bunun sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı və valyuta ehtiyatları, habelə orta əmək haqqı, pensiya və müavinətlər dəfələrlə artmış, işsizliyin və yoxsulluğun səviyyəsi isə minimuma enmişdir. Bu da respublikamızın gələcəkdə uzun müddət davamlı və dayanıqlı inkişafının etibarlı təminatı deməkdir. Ölkəmizin müstəqillik illərində istər sosial-iqtisadi inkişafı sahəsində, istərsə də ərazilərimizin işğaldan azad edilib suverenlimizin təmin edilməsində əldə etdiyimiz uğurlara görə hər şeydən əvvəl Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamıza rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi siyasətə borcluyuq. Biz həm də bu siyasəti hakimiyyətə başladığı vaxtdan hal-hazıra kimi uğurla həyata keçirdiyinə görə Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevə borcluyuq.
Belə ki, ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin-müdafiə və kosmos sənayesinin formalaşması, dünyanın iri neft və qaz kəmərlərinin tikilib istifadəyə verilməsi, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə rəqabət qabiliyyətli məhsullar istehsalına başlaması iqtisadi inkişafmızın mühüm tərkib hissəsidir. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş geniş miqyaslı tədbirlər görür.
Hörmətli Prezidentimizin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı qeyri neft sektorunun da elmi-texnoloji əsaslarla innovativ inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısının tapşırığı ilə qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirilir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmizə böyük turist axını başlamış və hər il milyonlarla turist respublikamızın səfalı guşələrində istirahət etməyə üstünlük verirlər. Aqrar sahədə həyata keçirilən bu və digər tədbirlər nəticəsində kənd təsərrüfatı istehsalı durmadan artır.
Əlbəttə, İlham Əliyev cənablarının Prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində çoxsaylı uğurlar əldə edilmiş, bu qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmiş, respublikamızda formalaşmış və uğurla həyata keçirilən strategiya hazırda da davam edir. Bununla belə hesab edirəm ki, bu illərdə əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan Ordusunun Ermənistan ordusunu darmadağın edərək diz çökməyə məcbur etməklə qazandığı parlaq qələbə dayanır. Bu qələbə ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev cənabları ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi Azərbaycan tarixində qızıl həriflərlə yeni bir səhifə açdı. Eyni zamanda qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini və xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə və onu dünyanın ən gözəl diyarına çevirməyə qadirdir. Məhz İlham Əliyev cənablarının rəhbərliyi ilə 30 ildən çox işğala 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində son qoyulması və Heydər Əliyevin ata vəsiyyətinin şərəflə yerinə yetirilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifənin uğurla həyata keçirilməsini təmin etdi. Bu qələbə həm də Milli Qurtuluş Günü sayəsində Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaldaraq başqa xalqlar arasında fəxrlə dayanmasına şərait yaratdı. 2023-cü ilin sentyabr ayında isə bir günlük antiterror əməliyyatı ildırım sürəti ilə həyata keçirilərək Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən tamamilə təmizləndi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa olundu. Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərini gündən-günə sürətlə qloballaşan dünyanın ən müasir çağırışlarına uyğun olaraq yenidən qurmaq, bu ərazilərə Böyük Qayıdışı qısa müddət ərzində təmin etməkdir. Şübhə etmirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən tezliklə gələcək və bütöv Azərbaycan Respublikası bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcəkdir. Məmnuniyyətlə onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi kimi çox önəmli bir vəzifə heç bir kənar qüvvənin iştirakı olmadan yalnız öz gücümüzə uğurla yerinə yetirildi. Bununla yanaşı qürur verici haldır ki, Milli Qurtuluş Günündən sonrakı 32 ildə ölkəmiz sürətlə inkişaf edərək özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi də göstərməklə dünya ölkələri sırasında layiqli yer tutmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası uzun müddətdir ki, çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də keçən ilin noyabr ayının 11-dən 22-sinə kimi davam edən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a uğurla ev sahibliyi etmək idi. Dünyada ən çox iştirakçısı olan bu tədbirdə 67 min nəfər rəsmi qeydiyyatdan keçmiş, bu məqsədlə ölkəmizə gələnlərin sayı isə daha çox olmuşdur.
Bütün bunlar və müstəqilliyimizin son dövrlərində əldə etdiyimiz digər uğurlar onu deməyə əsas verir ki, Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı və Ümummilli Liderin xalqa “Mən Ona özüm qədər inanıram” çağırışı bugünkü reallıqda özünü yüksək dərəcədə artıqlaması ilə doğruldur. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı 10 ildə və onun siyasi varisi olan İlham Əliyevin Prezident kimi Azərbaycan Respublikasına rəhbərlik etdiyi bu 22 ildə qazanılan davamlı uğurlar Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” fikrini də böyük inamla təsdiq edir. Hesab edirəm ki, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasına və onun inkişafına verdiyi misilsiz töhfələri xalqımız heç vaxt unutmayacaq, 15 İyun - Milli Qurtuluş Gününü böyük fərəh hissi ilə daim qeyd edəcəkdir.