YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May – Müstəqillik günü: Azərbaycan xalqının tarixində qürurverici gün

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici günlərdən biri 28 May – Müstəqillik günüdür. Bu tarix xalqımızın milli dövlətçilik ənənələrinin bərpası, azadlıq və müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin parlaq təntənəsi kimi yadda qalmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublika qurulmuşdur. Bununla Azərbaycan xalqı öz taleyini müstəqil şəkildə müəyyən etmək iradəsini bütün dünyaya bəyan etmişdir.

XX əsrin əvvəllərində dünyada və regionda baş verən mürəkkəb siyasi proseslər, Rusiya imperiyasının süqutu və milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycan xalqı üçün tarixi imkan yaratdı. 1918-ci ilin may ayında Azərbaycan Milli Şurası tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan dövlətinin müstəqilliyini rəsmən elan etdi.

Yeni yaradılmış dövlət – Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm siyasi və hüquqi islahatlar həyata keçirdi. Cümhuriyyətin əsas prinsipləri xalq hakimiyyəti, insan hüquqları, milli bərabərlik və demokratik idarəçilik idi. Məhz həmin dövrdə Dövlətin bayrağı, himni və gerbi qəbul edildi, milli ordu yaradıldı, parlament formalaşdırıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ vermişdir. Bu addım bir çox Avropa ölkələrindən daha əvvəl həyata keçirilmiş mühüm demokratik yenilik idi. Bundan başqa, təhsil sahəsində geniş islahatlar aparıldı, məktəblər açıldı, milli kadrların hazırlanmasına başlanıldı. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis olundu ki, bu da ölkənin elmi və intellektual inkişafında mühüm rol oynadı.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü olmadı. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində respublikanın fəaliyyəti dayandırıldı. Lakin cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət Azərbaycan xalqının milli dövlətçilik tarixində silinməz iz qoydu.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərkən məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğunu bəyan etdi. Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin bayrağını, dövlətçilik ideyalarını və milli dəyərlərini yaşatdı.

Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması və möhkəmləndirilməsi Azərbaycan tarixində xüsusi yer tutur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Məhz onun rəhbərliyi ilə milli dövlətçilik ideologiyası formalaşdı, Azərbaycan dünya birliyində layiqli yer tutdu.

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Bu strategiya bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müstəqil, güclü və inkişaf edən dövlət kimi dünya miqyasında tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, beynəlxalq layihələrdə fəal iştirakı, enerji və nəqliyyat sahəsində mühüm mövqeyi ölkəmizin müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini göstərir.

25 may 2007-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.

2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.

Müstəqillik Günü milli birliyin, azadlıq ruhunun və dövlətçilik ənənələrinin təcəssümüdür. Bu gün Azərbaycan xalqının öz milli kimliyinə, dövlətinə və gələcəyinə bağlılığını nümayiş etdirir. 28 May hər bir azərbaycanlı üçün qürur, iftixar və məsuliyyət günüdür. Çünki müstəqillik böyük mübarizələr hesabına qazanılmış müqəddəs nemətdir. Onu qorumaq və gələcək nəsillərə daha güclü şəkildə ötürmək hər bir vətəndaşın müqəddəs borcudur. Bu əlamətdar tarix Azərbaycan dövlətinin keçmişini, bu gününü və gələcəyini birləşdirən müqəddəs körpü kimi daim yaşayacaqdır.

DİGƏR Xəbərlər Arxiv