YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi: Regional sabitlik və müttəfiqlik modeli

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu müqavilə 1921-ci il tarixdə imzalanmış Qars müqaviləsinə bərabər bir müqavilədir. Tarixdə ilk dəfə idi ki, Azərbaycan Liderinin digər ölkənin başçısını məhz Qarabağda qarşılayırdı. Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə arasında müttəfiqlik əlaqələrini daha da genişləndirməyə imkan verdi və iki ölkə arasında qardaşlıq, dostluq nümunəsini bütün dünyaya nümayiş etdirdi. 15 iyun 2021-ci il tarixdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi sözlərini deyərək, bu vəsiyyətə sadiq olduğunu və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayaraq əcdadlarımıza sadiqliyimizi nümayiş etdirdiyini və gələcək nəsillərə yol göstərdiyini söylədi. Bununla da Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi böyük əhəmiyyətə malikdir olduğunu göstərdi. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə olaraq “Zəngəzur dəhlizi” ifadəsi işlədildi. Prezident İlham Əliyev bəyanatında bu məsələyə xüsusiilə toxunaraq bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da Vətən Müharibəsi savaşında qazanılan qələbədən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Şuşa Bəyannaməsinin imzalanması həm Azərbaycan və Türkiyə Respublikaları arasında, həm də regionun iqtisadi inkişafına xidmət edəcək.

Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, Qars müqaviləsinə istinad edilir.Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamədə iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətləri göstərilir. Bu tarixi sənəddə bir çox mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğuladılar.

Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəddə həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə Respublikaları arasında nəzərdə tutulan hərbi, iqtisadi əməkdaşlıq, iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunun artacağına hesablanmış bir müqavilədir. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.