Xəbərlər
Sarsılmaz müttəfiqlik

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Münasibətlərimizin dünəninin, bu gününün və gələcəyinin aydın ifadəsini yaradan Şuşa Bəyannaməsinin imzalanmasının dörd ili tamam olur.
Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. İki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.
Bəyannamədə iqtisadi əlaqələrin gücləndirilməsi əksini tapıb. İqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın daha da inkişafı məqsədilə birgə davamlı fəaliyyətlərin həyata keçiriləcəyinin ifadə olunması Bəyannamənin hərtərəfli fəaliyyət konsepsiyasını müəyyən edir. Bütün bunlar, Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpüdür. Şuşa Bəyannaməsində əksini tapan müddəalardan irəli gələn vəzifələrin uğurlu icrası bu körpünü daha da möhkəmləndirəcək.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesaj oldu. Şuşada birgə dalğalanan Azərbaycan və Türkiyə bayraqları birliyimizin, həmrəyliyimizin sarsılmazlığının, hər zaman bir yerdə olacağımızın dünyaya təqdimatı oldu. Bu tarixi addım şanlı Zəfərimizin reallıqlarının, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunun təsdiqidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və Şuşa Bəyannaməsi bu qardaşlığı daha da gücləndirir.