Xəbərlər
“Qurtuluşdan Böyük Qayıdışa”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskarlıq missiyası ilə yenidən hakimiyyətə tarixi qayıdışı ölkəni dağılmaq və parçalanmaq təhlükəsindən qurtardı. Ulu Öndər çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratdı və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail oldu.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti ilə davam etdirilib.
Qeyd edək ki, 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar YAP Samux rayon təşkilatında “Azərbaycanı xilas edən dahi Heydər Əliyev” mövzusunda dəyirmi masa da keçirilib. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayonu üzrə sədri Mirzəmməd Orucov və Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.