YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü: Azərbaycanın müstəqil gələcəyinin təməli

“Azərbaycanın müstəqillik tarixində ölkəmizin və xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan hadisələr və günlər var. Bunlardan biri də 15 İyun - Milli Qurtuluş Günüdür. Müstəqil respublikamızın bugünkü uğurlu inkişafının təməli 15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Ulu Öndərin müdrik və qətiyyətli siyasəti sayəsində Azərbaycanın həyatında xaosa, anarxiyaya, müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti bütünlüklə milli təəssübkeşlik, xalqına, Vətəninə bağlılıq nümunəsidir. Ulu Öndər həyatıboyu müdriklik və cəsarət göstərərək Azərbaycanın inkişafına misilsiz töhfələr verib. 1990-cı illərin əvvəlində isə Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi. Belə ki, həmin dövrdə Azərbaycanda çox ağır vəziyyət yaranmışdı. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz çox ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər. Ümummilli Lider Heydər Əliyev belə ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi. O, iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və səriştəsiz insanların hakimiyyətindən qurtuldu.

Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin sağlamlaşdırılması prosesi başladı. Həmin mürəkkəb dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənliyi və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha əmin oldu. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi  ilə ilk növbədə daxili ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr ləğv olundu, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı.

1993-cü ilin 15 iyun tarixi eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 1993-cü ildən başlayan qurtuluş yolu ilə inamla irəliləyən Azərbaycan böyük uğurlara imza atıb. Bu uğurların təməlində dayanan əsas amil isə Heydər Əliyevin əsasını qoyduğu siyasətin ötən dövrdə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. Cənab İlham Əliyev verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.

“Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin dövlətimizin başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Qurtuluş məfkurəsi əsasında inamla irəliləyən müstəqil Azərbaycanın ən böyük uğurları isə 44 günlük müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı zəfərlərə imza atmasıdır. Bu qələbələr sayəsində respublikamız ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etdi. Bu gün respublikanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir, artıq xalqımız Böyük Qayıdışın sevincini yaşayır. Bütün bunlar isə müstəqil Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Hazırda Azərbaycanın nəinki regionda, bütün dünyada söz sahibi olan dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin nurlu zəkasının, sarsılmaz qətiyyətinin ifadəsi olan bugünkü müstəqil Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə tarixi nailiyyətlər qazanmaqda davam edir!”-deyə Pərvin Kərimzadə vurğulayıb.