Xəbərlər
Hakkı Kəskin: Ermənistan bir dövlət kimi Azərbaycana qarşı çirkin işğalçılıq siyasəti aparır
Azərbaycana qarşı tətbiq edilən ikili standartlardan, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasının vacibliyindən bəhs edən Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Bundestaqın və AŞ PA-nın sabiq üzvü Hakkı Kəskin qeyd edib ki, bunun əsasında dayanan səbəblərdən biri də erməni lobbisinin apardığı çirkin siyasətdir: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. 1 milyondan artıq azərbaycanlı qardaş və bacılarımız öz qədim torpaqlarından qovulub, yurd-yuvalarından didərgin düşüblər. Bu gün Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı apardığı çirkin işğalçılıq siyasətini Qərbi Avropada dəstəkləyən və ona müxtəlif donlar geyindirən şəbəkələşmiş erməni lobbisi var. Erməni diasporu və lobbisi həm Azərbaycana , həm də Türkiyəyə qarşı çirkin siyasət aparır və dünya ictimaiyyətini çaşdırmağa çalışır. Şübhəsiz, burada bəzi avropalı siyasətçilərin erməni lobbiçiliyini etməsi çox utancverici haldır. Belə əks-təbliğat aparanlar düşünmürlər ki, onlar bu oyuna gedərək Avropa demokratiyasına xələl gətirirlər. Ona görə də qəti şəkildə bildirirəm ki, bu gün bəzi beynəlxalq qurumların, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı siyasətinin kökündə dayanan amillərdən biri də məhz erməni lobbisinin çirkin əks-təbliğatı və maliyyə dəstəyidir. Xocalı faciəsi kimi ümumbəşəri bir cinayəti görmək istəməyənlər və buna görə Ermənistana embarqo qoymayanlar Azərbaycanı təcridlə hədələyirlər. Düşünürəm ki, Azərbaycan seçki prosesini uğurla keçəcək və ona qarşı olan təzyiqlərin əbəs olduğunu isbatlayacaq".