Xəbərlər
Azərbaycanın seçki təcrübəsi digər dövlətlərə nümunədir
“Avropa dövlətləri və ABŞ-da Azərbaycana səmimi münasibət bəsləyən, dövlətimizin maraqlarını müdafiə edən dairələr kifayət qədərdir. Lakin sirr deyil ki, ermənipərəst havadardan aldıqları sifarişlər əsasında ölkəmizin nüfuzuna xələl yetirmək istəyən qüvvələr də var”. Bu sözləri Seçki-2015.az saytına açıqlamasında “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının üzvü, Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev ABŞ senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələrlə bağlı danışarkən deyib.
O bildirib ki, məlum çevrələr məkrli ambisiyalarına uyğun olaraq Azərbaycanda parlament seçkiləri ərəfəsində ölkəmizə qarşı təzyiq vasitələrini işə salıblar.
Daha sonra “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının fəaliyyətindən danışan İbrahim Əliyev qeyd edib ki, əsas məqsəd seçki prosesini izləmək, müşahidələrimiz əsasında real vəziyyətə dair məlumatlar toplamaq və bu barədə yerli və dünya ictimaiyyətini məlumatlandırmaq, qərəzli qüvvələrin təzyiqlərinə faktlarla tutarlı cavab verməkdir: “Apardığımız monitorinqlər zamanı, seçkiyə hazırlıq prosesi, namizədlərin təbliğat-təşviqat kampaniyasında hər hansı bir problem müşahidə olunmayıb. Azərbaycanda seçkilər şəffaf və demokratik qaydalara uyğun keçirilir. Dövlətimizin seçki prosesi ilə bağlı qazandığı təcrübə digər dövlətlərə də nümunə olmalıdır”.