Xəbərlər
“Neft Rossii” jurnalı: Azərbaycanda seçki kampaniyası heç bir siyasi gərginlik olmadan davam edir
Rusiyanın nüfuzlu nəşrləri Azərbaycanda keçirilən parlament seçkilərini diqqətlə izləyir. Seçki-2015.az saytı xəbər verir ki, bu fikirlərə “Neft Rossii” elmi jurnalında “Azərbaycan parlament seçkilərinə hazırlaşır” adlı geniş məqalədə yer verilib.
Məqalədə müəllif ölkədəki seçki proseduru, namizədlərin və seçicilərin sayı haqqında ümumi məlumat verib, 15 partiyanın deputat kürsüsü uğrunda yarışdığını qeyd edib.
Jurnal yazır ki, seçki kampaniyası tam sakit şəkildə, heç bir siyasi gərginlik olmadan davam edir. Ekspertlər səsvermə prosesində də hər hansı xoşagəlməz halın olacağını istisna edirlər. Keçən seçkilərdən fərqli olaraq bu dəfə namizədlər sosial şəbəkədən, virtual aləmin imkanlarından daha çox istifadə ediblər. Bu da namizədlərin daha az vaxt və vəsait sərf edərək geniş kütlə ilə əlaqə yaratmasına imkan verir.
Yazıda qeyd olunur ki, dünya bazarında neftin qiymətinin düşməsinə baxmayaraq ölkədə heç bir sosial layihə təxirə salınmayıb.