Xəbərlər
Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş bir çox rayonlarımızda müxtəlif vaxtlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə regional əhəmiyyətli tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biridə 28 may 2025-ci il tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü idi.
Laçın rayonunun azad olunmasından sonra bu ərazidə keçirilən hər bir tədbir Azərbaycan üçün mühüm siyasi əhəmiyyət daşıyır.
Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış bir çox mühüm məqamlar ilə yadda qaldı. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, “Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var”.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın bariz təzahürünə çevrilmişdir. Bu görüş üç dövlət arasında mövcud olan siyasi, iqtisadi və hərbi əməkdaşlığın dərinləşməsinə xidmət etməklə yanaşı, regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf baxımından mühüm mesaj da verir. Zirvə görüşü bir daha sübut etdi ki, ortaq tarixi və mədəni köklərə malik bu ölkələr beynəlxalq arenada da bir-birinə güclü dəstək göstərməkdə qərarlıdır.