Xəbərlər
Zərifə xanım Əliyevanın adı Azərbaycan tibb tarixində əbədi yaşayır
Nigar Məmmədova
Milli Məclisin deputatı
15 aprel görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür. Onun zəngin elmi irsi, insanpərvər fəaliyyəti və fədakar həyatı xalqımızın yaddaşında dərin iz buraxmışdır.
Zərifə xanımın elmi araşdırmaları əsasən traxoma, qlaukoma və digər göz xəstəliklərinin müalicəsinə yönəlmişdir. Xüsusilə XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Azərbaycan səhiyyəsi üçün mühüm dönüş nöqtəsi olmuşdur. Alimin təklif etdiyi müalicə üsulları qısa zamanda bütün respublikada tətbiq edilmiş və bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınırdı. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicə-profilaktik tədbirlərlə insanların sevgisini qazanmışdır. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.
Ulu Öndər Heydər Əliyev vəfalı ömür-gün yoldaşı haqqında deyirdi: “Böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
150-yə yaxın elmi əsərin, monoqrafiya və dərsliklərin müəllifi kimi Zərifə xanım oftalmologiya elminin inkişafına böyük töhfələr vermişdir.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülən Zərifə xanım Azərbaycan qadınının elm və cəmiyyət həyatında tutduğu yüksək mövqenin ən uğurlu nümunəsinə çevrilmişdir.
Görkəmli alim ömrünü elə yaşadı ki, hətta ölümü belə ona həyatı kimi dərin hörmət gətirdi. Cənab Prezident də o illəri belə xatırlayır: “O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır.”
Zərifə xanım əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər övladları ilə məşğul olmağa, onları Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. Ulu Öndər deyirdi ki, “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsində Zərifə xanımın əvəzsiz rolu olub”.
Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Fəxri Xiyabanda dəfn olunan görkəmli alimin adı Azərbaycan tibb tarixində əbədi yaşayır.
Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya elminin inkişafında mühüm rol oynayır və alimin zəngin irsini davam etdirir.
Zərifə xanımın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
