Xəbərlər
Avstraliya parlamentariləri Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb
Oktyabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Avstraliya münasibətlərindən, qanunverici orqanlar arasındakı əlaqələrdən, qarşıdan gələn parlament seçkilərindən danışılıb.
Oqtay Əsədov qonaqlara seçkilərə hazırlıq işləri barədə məlumat verib. Sədr deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə parlamentinə beşinci seçkilər keçiriləcək. Ölkəmizdə seçkilər hər zaman seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçirilib.
Əminik ki, qarşıdan gələn parlament seçkiləri də bu qaydada keçiriləcək. Bunun üçün xeyli işlər görülüb.
Milli Məclisin sədri deyib ki, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələri inkişaf edir. Bu da sevindirici haldır.
Diqqətə çatdırılıb ki, Azərbaycan investisiyalar üçün açıq ölkədir. Artıq Avstraliyanın bəzi şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin özü də investisiya yatırır.
Milli Məclisin sədri vurğulayıb ki, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlər vacibdir.
Görüşdə Avstraliya nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Luke Simpkins Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən məmnun olduqlarını söyləyib. Qonaq ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.