Xəbərlər
Azərbaycan dövləti cümhuriyyət dəyərlərini yüksək qiymətləndirir

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Hər xalqa müstəqillik nəsib olmur. Sayı bizlərdən on dəfələrlə çox olan xalqlar var, ancaq onların çoxunun müstəqilliyi yoxdur. Xoşbəxtik ki, dünyanın 200-ə qədər müstəqil dövlərləri sırasında biz də varıq. Bu xoşbəxt tarixin başlanığıcı olan 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət "İstiqlal bəyannaməsi"ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi oldu.
Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti müasir və demokratik prinsiplərə söykənən dünyəvi dövlətçilik ənənələrimizin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində həyata keçirdiyi tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratdı, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi.
Xalq Cümuhiriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.
1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsinə istinad edildi və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi müstəqilliyini bərpa etdi.
Azərbaycan Cümhuriyyətinin qarşısına qoyduğu, amma reallaşdıra bilmədiyi bütün planlarını Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə bugünkü müstəqil Azərbaycan Respublikası reallaşdırdı. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır. Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxarət mənbəyi və sabahımızın mayakıdır.
2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübüt etdi ki, Azərbaycanın öz tarixi torpaqlarını azad etmək üçün güclü ordusu, ən müasir silahları, qəhrəman dövlət başçısı başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur. Aprel döyüşləri göstərdi ki, düşmən ordusu haqqında yazılanlar uydurmadan başqa bir şey deyildir. Vətənini sevən, onun üçün canını verməyə hazır Azərbaycan əsgəri, illər idi ki, Ali Baş Komandanın əmrini həsrətlə gözləyirdi. Ali Baş Komandan siyasi qərarını qəbul etdi, Vətəni qorumaq üçün yetişdirdiyi əsgəri 44 gün ərzində düşməni darmadağın etdi. Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi. Vətən torpağı üçün ölüm-dirim müharibəsinə girən Azərbaycan əsgərini heç bir güc saxlaya bilməzdi və saxlaya bilmədi. Düşmən danışıqsız kapitulyasiya aktını imzaladı. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. Əvvəlki illərdən fərqli olaraq biz artıq 2021-ci ildən “Müstəqillik günü”nü qalib ölkənin vətəndaşları kimi qeyd edirik.
Azərbaycan dövləti və cəmiyyəti cümhuriyyət dəyərlərinə böyük ehtiram göstərir. Paytaxt Bakının mərkəzində ucalan "İstiqlal Bəyannaməsi" abidəsi xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin rəmzidir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Cümhuriyyətin 90 illik və 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları da milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Həmçinin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi cümhuriyyət dəyərlərinə nə qədər böyük önəm verildiyini, bu dəyərlərin hər zaman uca tutulduğunu göstərir. 2021-ci ilin 15 oktyabr tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bu hüququ müəyyənləşmə Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin, bu günümüzün və gələcəyimizin əbədi bir dəyəridir. Nə qədər ki, Azərbaycan xalqı və dövləti var, bu dəyər də var olacaq və bizi milli hədəflərimizə doğru aparacaq.