Xəbərlər
İsmayıl Alper Coşqun: Azərbaycan Türkiyənin 2023-cü il hədəfləri üçün ən önəmli ortağıdır
Azərbaycan Türkiyənin 2023-cü il hədəfləri üçün ən önəmli və əhəmiyyətli ortağıdır.
Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun 29 Oktyabr Türkiyə Respublikası günü münasibətilə ilə verdiyi müsahibəsində bildirib.
Səfir Türkiyə Respublikasının qurulmasında başda Mustafa Kamal Atatürk olmaqla, hər cür fədakarlıq göstərən, Türkiyənin birliyi və bütövlüyü üçün olduğu kimi bu gün də canlarından keçən təhlüksəsizlik orqanlarına təşəkkür etməyin bir borc olduğunu bildirib.
Diplomat eyni zamanda, Türkiyə Respublikasının qurulmasının 100 illiyi olacaq 2023-cü il üçün dövlətin böyük hədəflərinin olduğunu və bu hədəflərə çatmaq üçün dövlətin potensialı ilə yanaşı, xalqın da inamının olduğunu bildirib.
Səfir onu da qeyd edib ki, Türkiyə Azərbaycan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə işbirliyi qurmaq, ölkənin potensialını daha da irəli aparmaq və ortaq məqamlar üzrə addımlamaq istəyindədir.
Səfirin sözlərinə görə, Türkiyə İqtisadiyyat nazirinin bu ilin ilk rübündə Bakıya səfəri zamanı bir çox iş birliyi imkanları müzakirə edilib ki, buna misal kimi Azərbaycan və Türkiyənin hər hansı bir üçüncü ölkəyə investisiya qoyması məsələsi olub.
Keçən il 600 mindən çox azərbaycanlı turistin Türkiyəni ziyarət etdiyini, Türk Hava yollarının (THY) Azərbaycana, AZAL-ın isə Türkiyəyə səfərlərini artırdığını qeyd edən diplomat “Türkiyədə nə varsa Azərbaycanın xidmətində, Azərbaycanın potensialı isə Türkiyə üçün əl çatan olmalıdır” - deyə qeyd edib.