Xəbərlər
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun məşhur “Milenio” qəzetində “İşğalçı futbolun əsl məqsədi” adlı məqalə dərc edilib
Meksikanın məşhur “Milenio” qəzetində Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarovun müəllifi olduğu “İşğalçı futbolun əsl məqsədi” adlı məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, məqalə ölkəmiz əleyhinə yalan və qərəzli fikirlərin yer aldığı, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təhrif edildiyi “İtirilmiş tarix” adlı ermənipərəst məqaləyə cavab olaraq yazılıb. Məqalədə qeyd edilən ermənipərəst yazının beynəlxalq tanınma üçün milli futbol komandasına ümid bəsləyən qondarma Dağlıq Qarabağ rejiminin məkrli niyyətlərinə xidmət etdiyi oxucuların diqqətinə çatdırılıb. Habelə qərəzli məqaləyə cavab olaraq dünya xəritəsində “Dağlıq Qarabağ” adlı bir dövlətin mövcud olmadığı və məhz bu səbəbdən tanınmamış qondarma bir rejimə məxsus futbol komandasının beynəlxalq futbol arenasına çıxa bilmədiyi izah edilib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan qoşunları tərəfindən işğal edildiyi və nəticədə 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanıb.
Daha sonra Azərbaycanın işğal edilmiş ərazilərində mülki əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdən bəhs edilərək, Xocalı şəhərinin bir gecədə yer üzündən silindiyi, şəhər əhalisinin soyqırımına məruz qaldığı, işğal olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin məhv edildiyi, münaqişə nəticəsində 30 minə yaxın vətəndaşımızın həlak olduğu diqqətə çatdırılıb. Həmçinin Ermənistanın işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq çağırışlara məhəl qoymadığı, işğal faktının davam etməsi ilə regionumuzda sülh və təhlükəsizliyə ciddi təhlükə yarandığı bəyan edilib. Məqalədə, həmçinin işğalçı qüvvələrin müxtəlif təbliğati vasitələrə əl atmaq və faktları saxtalaşdırmaqla münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü diqqətə çatdırılıb. Məqalədə bir zaman bütün qaçqın və məcburi köçkünlərin şərəf və ləyaqətlə öz doğma yurdlarına qayıdacağına ümid ifadə olunaraq, yalnız bundan sonra mehriban qonşuluq mühitində Dağlıq Qarabağın erməni əhalisi ilə birgə bu regionun bütöv mədəni müxtəlifliyini özündə təcəssüm etdirən vahid futbol komandasının yarana biləcəyi qeyd olunub.