YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Macarıstana səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezidentin Macarıstanda keçirdiyi görüşlər, verdiyi bəyanatlar və gündəliyə daxil olan məsələlər bir daha sübut etdi ki, Bakı və Budapeşt arasında həm tarixi, həm də müasir geosiyasi reallıqlara əsaslanan güclü əməkdaşlıq əlaqələri mövcuddur.

Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, Azərbaycan və Macarıstanı bir çox cəhətdən oxşar talelər birləşdirir: hər iki ölkənin əhalisi və ərazisi təxminən eyni ölçüdədir, açıq dənizlərə çıxışı yoxdur və hər ikisi müharibə vəziyyətində olan qonşularla həmsərhəddir. Bu oxşarlıqlar isə qarşılıqlı anlaşma və dəstək üçün münbit zəmin yaradır.

Səfər çərçivəsində Azərbaycanın keçdiyi tarixi yol və İkinci Qarabağ müharibəsinin nəticələri də xüsusi vurğulandı. Prezident Əliyev qeyd etdi ki, Azərbaycan 30 illik işğala 44 gün ərzində son qoyaraq öz ərazilərini beynəlxalq hüquqa – xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə azad edib. Müharibədən sonra isə sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycan olub və bu gün Ermənistan tərəfi də sülh müqaviləsinin əsas məqamlarını qəbul edib. Lakin yekun razılaşma üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması və Minsk qrupunun hüquqi olaraq ləğvi vacib amillər kimi qeyd olunub.

Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Macarıstan münasibətlərində mühüm yer tutur. Macarıstan şirkətləri Azərbaycanın aparıcı neft-qaz layihələrində iştirak edir. Artıq Azərbaycan Macarıstana təbii qaz ixrac etməyə başlayıb və bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi planlaşdırılır. Eyni zamanda, yaşıl enerji sahəsində birgə layihələrə də böyük önəm verilir. Azərbaycan gələcək beş il ərzində 6000 meqavatlıq yaşıl enerji istehsalı planlayır ki, bu da enerji təhlükəsizliyi baxımından həm region, həm də Avropa üçün vacibdir.

İki ölkə arasında mədəni və humanitar əməkdaşlıq da diqqətəlayiq səviyyədə inkişaf edir. Macarıstanda Azərbaycan dili və ədəbiyyatı üzrə tədris proqramlarının mövcudluğu, eləcə də Budapeştdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti bu sahədə qarşılıqlı marağın və yaxınlığın göstəricisidir. Hər iki tərəf təhsil, elmi tədqiqatlar və tələbə mübadiləsi istiqamətində əlaqələri genişləndirməyə maraqlıdır. Bu da xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini möhkəmləndirir.

Eyni zamanda, Azərbaycan-Macarıstan münasibətlərinin iqtisadi və ticarət tərəfi də yeni mərhələyə qədəm qoyur. Gələcəkdə kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Macarıstan Azərbaycanın Avropaya inteqrasiyası və beynəlxalq bazarlara çıxışı baxımından əhəmiyyətli tərəfdaşdır. Prezident İlham Əliyevin bu səfəri göstərdi ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız cari maraqlara deyil, uzunmüddətli strateji məqsədlərə söykənir və davamlı inkişaf yolundadır.

Prezident İlham Əliyev Macarıstanın müstəqil və milli maraqlara əsaslanan siyasətini xüsusi təqdir edərək, Baş nazir Viktor Orbanın bu istiqamətdəki siyasi iradəsini yüksək qiymətləndirdi. Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı və bu platformada qeyri-rəsmi Zirvə görüşlərinə ev sahibliyi etməsi də iki ölkə arasındakı əməkdaşlığın strateji xarakterini bir daha nümayiş etdirir.

Səfər nəticəsində bir daha aydın oldu ki, Azərbaycan və Macarıstan arasında münasibətlər təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji tərəfdaşlıq nümunəsidir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyi şübhəsizdir.