Xəbərlər
Geosiyasi mövqe möhkəmlənməkdədir

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
20-21 may tarixlərində Macarıstanın ev sahibliyi ilə keçirilən Budapeşt görüşü yeni mərhələnin institusional ifadəsi, Qərbə doğru açılan türk platformasının uğurudur. Zirvə görüşünün qeyri-rəsmi formatda keçirilməsi onun mahiyyətini dəyişmir. Əksinə, görüş TDT-nin Avropadakı təsir imkanlarını sınamaq, Qərb institutlarına alternativ olan çoxtərəfli əməkdaşlıq modelini təqdim etmək cəhdidir. Budapeştin, Qərblə Şərqin kəsişdiyi məkanın seçilməsi təsadüf sayıla bilməz. Elə zirvə görüşü də "Şərq və Qərbin görüş nöqtəsi" adlanır. Bu, həm Qərbə ünvanlanan simvolik siyasi mesaj, həm də türk dünyasına yönələn strateji çağırışdır ki, artıq müşahidəçi olmaq deyil, proseslərin fəal iştirakçısı kimi çıxış etmək zamanıdır.
Qeyd etmək lazımdır ki, Türk dünyası çağdaş geosiyasi reallıqlar fonunda ortaq maraq və gələcək hədəflərlə birləşir. Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına münasibətlərin möhkəmləndirilməsi, Türk dünyasının inkişafının dəstəklənməsi və onun gücləndirilməsi prioritetdir. Ölkəmiz illərdir birliyin siyasi, iqtisadi və hərbi gücünün artması, beynəlxalq aləmdə nüfuzlu aktora çevrilməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür. Üzv ölkələrin geniş coğrafiyanı əhatə etməsi, gənc və artan əhali potensialı, döyüş meydanlarında özünü sübut edən hərbi güc, zəngin enerji ehtiyatları və resursların nəqli üçün yaradılan müasir infrastruktur, Mərkəzi Asiyanı və Cənubi Qafqazı Qara və Aralıq dənizi ilə birləşdirməsi TDT-nin nüfuzunu artıran amillərdir. Tarix, mədəniyyət və ortaq dəyərlər kimi faktorlar isə birliyi mənəvi və ideoloji müstəviyə daşıyır. XXI əsrin Türk dünyasının inkişaf əsrinə çevrilməsi ideyası məhz bu baxışın məhsuludur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü siyasi çəkiyə malikdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Zirvə görüşünün Qarabağın incisi sayılan Şuşada keçirilməsi strateji mesaj idi. Şuşa tarix boyu Azərbaycanın mədəni və ictimai-siyasi həyatında önəmli yer tutub. Amma bu şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğalı xalqımız üçün böyük faciə idi. Azərbaycan bu acı ilə heç vaxt barışmadı. Xalqımız işğal altındakı torpaqlara qayıtmaq ümidi ilə yaşadı və nəhayət 2020-ci ildə bu ümid gerçəkləşdi. 8 noyabrda Şuşa düşməndən geri alındı və Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bu tarix hər il 8 noyabrda qeyd olunan Zəfər Günü ilə əbədiləşdirilir. Azərbaycan bu qələbədən sonra Şuşaya yeni bir status bəxş etdi - 2021-ci ildə Prezidentin Sərəncamı ilə qədim şəhər "Azərbaycanın mədəniyyət paytaxtı" elan olundu. TÜRKSOY 2023-cü ildə Şuşanı "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan etdi. Zirvə toplantısı çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi isə həm mənəvi, həm də siyasi baxımdan şəhərin simvolik statusunu bir daha təsdiqlədi. Türk dövlətlərinin rəhbərlərinin bu torpaqlara səfərləri həmrəyliyin bariz nümunəsi oldu. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti isə Füzuli və Ağdama baş çəkdilər və ortaq gələcəyə inamla irəliləməyin labüdlüyünü bütün dünyaya göstərdilər. TDT qarşısında duran hədəflərin miqyası təşkilatın mövcud strukturu və büdcəsi ilə müqayisədə qat-qat böyükdür. Bu səbəbdən Azərbaycan təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları vəsait köçürərək birliyə real dəstəyini əməldə təsdiq etdi.
Şuşa Zirvə görüşünün ən əlamətdar hadisəsi Qarabağ Bəyannaməsi idi. Hansı ki, Türk dünyasının birliyinin möhkəmlənməsinə, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına misilsiz töhfə verdi. Şuşa zirvəsində çıxış edən Macarıstanın Baş naziri Viktor Orbanın nitqində həm minnətdarlıq, həm də böyük strateji baxış vardı. Sözlərinə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlə başlayan Orban bildirdi ki, bu qədim şəhərdə, Şuşada olmaq mənəvi anlam daşıyan tarixi hadisədir. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna verilən yüksək qiymət idi. Orban açıq şəkildə vurğuladı ki, bu cür sabitlik və əməkdaşlıq mühiti, necə deyərlər, təkcə Cənubi Qafqaza deyil, Avropanın özünə də hava-su kimi lazımdır. Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında körpü kimi yanaşan Orban Aİ-yə qarşı məsuliyyətini də unutmayaraq dedi ki, Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə onun ölkəsi strateji dialoqların və yeni əməkdaşlıq yollarının təşviqinə çalışacaq. Beləliklə, gedişat bir daha göstərir ki, Macarıstan yalnız formal şəkildə deyil, həm də mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərinə mühüm töhfə verən aktordur. Xüsusilə Avropa İttifaqı daxilindəki təzyiqlərə baxmayaraq, Macarıstanın öz qərarlarında suveren iradəsini qoruması və Türk dünyası ilə münasibətlərdə alternativ bir yol seçməsi siyasi cəsarət nümunəsidir. Əslində belə cəsarətin arxasında bir sıra rasional amillər dayanır. Avropada baş verən siyasi parçalanmalar, ideoloji qütbləşmə və dəyərlər üzərində qurulan geosiyasi oyunlar fonunda Viktor Orban hökuməti üçün Türk dünyası ilə sıx əməkdaşlıq tarixə sədaqət, real geoiqtisadi və geosiyasi ehtiyacların diktə etdiyi məntiqi addımdır. Macarıstanın enerji təhlükəsizliyi, ticarət şaxələndirilməsi, nəqliyyat və kommunikasiya layihələrinə çıxış baxımından TDT ilə inteqrasiyası strateji əhəmiyyət daşıyır. Elə bu səbəbdəndir ki, rəsmi Budapeşt Türk dövlətləri ilə münasibətləri yalnız diplomatik görüşlərlə məhdudlaşdırmır, eyni zamanda konkret layihələrə yönələn, gələcək üçün dayanıqlı platformalar üzərində qurulan əməkdaşlıq modelini irəli sürür. Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısında Macarıstanın baş naziri Viktor Orbanın iştirakı Avropa İttifaqında ciddi narazılıqla qarşılandı. Hətta Avropa İttifaqının o dövrdə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirdi ki, Orbanın bu tədbirdə iştirakı qanunsuzdur, çünki onun Avropa İttifaqını təmsil etmək hüququ yoxdur. Lakin ekspertlər bu iddianı tamamilə əsassız saydılar. Onların fikrincə, Viktor Orban TDT-nin tədbirində Avropa İttifaqının deyil, təşkilatdakı müşahidəçi ölkənin nümayəndəsi idi. Bundan əlavə, Avropa İttifaqının heç bir üzv ölkəyə digər beynəlxalq platformalarda iştirak etməyi qadağan etmək səlahiyyəti yoxdur. Belə olan halda Orbanın tənqid olunması həm hüquqi baxımdan, həm də siyasi mənada qeyri-ciddidir. Borrellin bu iddiasına isə Orban diplomatik təmkinlə cavab verərək demişdi: "Cənab Borrell, bəlkə naharı harada yeyəcəyimizi də sizdən soruşaq? Türk Dövlətləri Təşkilatında iştirak etmək Macarıstanın strateji maraqlarına tam cavab verir". Hazırda TDT yeni dövrə qədəm qoyur. İkinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bu mərhələnin başlanğıcıdır. Bu il Türk Dövlətləri Təşkilatının müdafiə sənayesi sahəsində əməkdaşlıq istiqamətində atdığı addımlar strateji əhəmiyyət daşıyır və təşkilatın inteqrasiya proseslərinin dərinləşməsini göstərir. İyul ayında IDEF-2025 sərgisi çərçivəsində üzv dövlətlərin müdafiə sənayesi institutlarının rəhbərlərinin ilk görüşünün keçirilməsi planlaşdırılır ki, bu da çoxtərəfli müdafiə əməkdaşlığı üçün ilkin platforma rolunu oynayacaq. Görüşün nəticələri əsasında müdafiə nazirlərinin ilk toplantısının təşkili üçün hazırlıq işlərinin aparılması müdafiə sahəsində regional koordinasiyanın və resursların səmərəli istifadəsinin artırılmasına şərait yaradacaq. TDT-nin 2022-2026-cı illər üzrə Strategiya sənədində isə bu əməkdaşlığın məzmunu və istiqamətləri dəqiq müəyyənləşdirilib. Strategiyada hərbi innovasiya, müdafiə texnologiyaları və aviasiya sahələrində texniki və informasiya mübadiləsinin gücləndirilməsi, habelə milli müdafiə institutları arasında əlaqələrin genişləndirilməsi prioritet kimi qeyd olunur. Bu, təşkilatın üzv dövlətlərinin müdafiə qabiliyyətlərinin artırılması ilə yanaşı, sənaye bazarlarının rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir. Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə müxtəlif sahələrdə imzalanan sənədlər, Budapeşt Bəyannaməsi TDT-nin çoxşaxəli əməkdaşlıq strategiyasının davamlılığını və genişlənməsini göstərir. Bu sənədlər təşkilatın geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, üzv dövlətlərin birgə fəaliyyətinin yeni sahələrdə də intensivləşəcəyindən xəbər verir. Beləliklə, müdafiə sənayesi üzrə əməkdaşlığın təşkili yalnız hərbi aspektlərlə məhdudlaşmayıb, iqtisadi və siyasi inteqrasiya proseslərinin dərinləşməsi üçün mühüm platformaya çevrilməkdədir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının müdafiə sənayesi sahəsində atdığı addımlar yalnız müasir texnoloji və strateji əməkdaşlığın inkişafı ilə məhdudlaşmır, həm də dərin tarixi kökləri olan ortaq taleyin, mədəni və siyasi irsin yenidən canlanmasının ifadəsidir. Əsrlər boyu çətin sınaqlardan keçmiş türk xalqlarının vahid mövqedən gücünü ortaya qoymaq istəyi ilə regional və qlobal siyasətdə köklü transformasiyaların baş verdiyi mürəkkəb bir zaman kəsiyində xüsusilə əhəmiyyətlidir.
Ən əsası, Təşkilatın indiki fəaliyyəti keçmişin zəngin təcrübəsi ilə gələcəyin mürəkkəb çağırışlarını və strateji səmərəliliyini artıracaq.