YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Macarıstanın müstəqil siyasət yürütməsi ən böyük ortaq dəyərimizdir

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri və bir gün sonra paytaxt Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı iki ölkə arasında münasibətlərin inkişafına, əlaqələrimizin genişlənməsinə xidmət edir. Azərbaycan və Macarıstan siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə səmərəli əməkdaşlıq edirlər. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətləri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana 6, cənab Viktor Orban isə ölkəmizə 7 dəfə səfər edib. Macarıstanın baş naziri bu il Azərbaycanın ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə dəvət olunub. TDT-nin Birinci Zirvə görüşü Şuşa şəhərində keçirilib. Azərbaycanın təşəbbüsü ilə reallaşan TDT-nin qeyri-rəsmi Zirvə görüşləri artıq ənənəyə çevrilir. Macarıstanın türk dünyası ilə yaxın əməkdaşlığı və Avropa arasında körpü rolunu oynaması təşkilatın daha da güclənməsinə müsbət təsir göstərəcək. Budapeşt türkdilli dünyanın uğur hekayəsinin bir hissəsi olmaq və Avropada türkdilli ölkələr üçün sabit və təhlükəsiz baza təmin etmək istəyir.

Azərbaycanla Macarıstanı ortaq tarixi köklər, ortaq talelər, qarşılıqlı maraqlar bağlayır. Təbii ki, münasibətlərimizin güclənməsində ölkə liderlərinin də səmimi dostluq münasibətləri mühüm rol oynayır. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında tarixi və mədəni yaxınlıqla yanaşı, geosiyasi oxşarlıqları da vurğuladı. Hər iki ölkə açıq dənizlərə çıxışı olmayan, ərazi və əhali baxımından bir-birinə yaxın olan dövlətlərdir. Eyni zamanda, həm Azərbaycan, həm də Macarıstan müharibə vəziyyətində olan və ya müharibə aparan ölkələrlə sərhəddə yerləşir. Bu oxşarlıqlar ortaq çağırışlara qarşı birgə mövqe formalaşdırmağa əlverişli zəmin yaradır. Azərbaycan ilə Macarıstan arasında yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətləri ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq kimi mühüm beynəlxalq prinsiplərə söykənir. Ölkə başçısı çıxışı zamanı 44 günlük Vətən müharibəsinin mahiyyətini və hüquqi əsaslarını xüsusi qeyd etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib. Bu, bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşır və haqqını qanuni yolla təmin edir. Hazırda Azərbaycanın Ermənistanla sülh təşəbbüsünün də müəllifinin məhz ölkəmiz olduğu vurğulanıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və ATƏT-in Minsk Qrupundan imtina edilməklə fundamental sülh sazişinin imzalanması mümkün olacaq. Amma bütün bu təşəbbüslərə baxmayaraq Ermənistan özünün havadarlarına arxalanaraq sülh prosesini uzatmaqla məşğuldur.

Azərbaycanla Macarıstan arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirdi. Macarıstan Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və Avropada müstəqil xarici siyasət yürüdən nadir ölkələrdən biridir. Bu gün xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin olsa da, Macarıstanın cəsarətli mövqe ortaya qoyub. Macarıstanın üzv olduğu Aİ-nin Rusiya ilə münasibətləri hər kəsə bəllidir. Şimal-şərqdən Ukrayna ilə qonşu olan Macarıstan həm üzvü olduğu Aİ-nin, həm də özünün suveren maraqlarını qorumaq məcburiyyətindədir. Baş nazir Viktor Orbanın mətbuata bəyanatından məlum oldu ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Macarıstan iqtisadiyyatının itkisi 20 milyard avro təşkil edir. Belə olan təqdirdə Macarıstanın Türk dövlətləri, o cümlədən Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirməsinə ciddi ehtiyac var.  Azərbaycanla Macarıstan arasındakı energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları ilə yanaşı növbəti ildə bu istiqamətində kontraktın imzalanacağı nəzərdə tutulur. Beləliklə, Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bu uğurlu enerji əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bununla belə ölkəmizin başçısının da qeyd etdiyi kimi Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Bu bir reallıqdır ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirik ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Məhz Avropa Komissiyası tərəfindən Azərbaycanın Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi dəyərləndirlməsi heç də təsadüfi deyil. Ənənəvi enerji resursları ilə yanaşı Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir. Azərbaycanın böyükmiqyaslı yaşıl enerji gündəliyi məhz bu məqsədlərin reallaşmasına hesablanıb.

Azərbaycan və Macarıstan təhsil sahəsində də sıx əməkdaşlıq edirlər. Macarıstan “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində azərbaycanlı tələbələr üçün macar universitetlərində yüzlərlə təqaüd ayırır. Universitetlərimiz arasında əməkdaşlıq da getdikcə artır. 129 Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq qarşılıqlı təhsil təqaüdü proqramları gerçəkləşdirilir. Macarıstanda doktorantura, magistratura və bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanan gənclərimiz iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqamətləri üzrə təhsil alırlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Eötvös Loránd University”, “Budapest University of Technology and Economics”, “Budapest Business University”, “Óbuda University”, “University of Debrecen” və digər ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər. Əldə etdiyi uğurlarla dünyada özünü təsdiqləmiş Macarıstanın təshil sisteminin tarixi ənənələri var. Bu mənada Macarıstanla təhsil sahəsində əməkdaşlıq Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir.