Xəbərlər
Azərbaycan–Macarıstan strateji tərəfdaşlığı: diplomatik səfər fonunda dərinləşən münasibətlər

Rəşad Mahmudov
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü
Son illərdə Azərbaycanın regional və qlobal miqyasda artan rolu, yürütdüyü fəal və müstəqil xarici siyasətin, həmçinin strateji tərəfdaşlıqlara əsaslanan praqmatik diplomatiyasının nəticəsidir. Geosiyasi baxımdan mürəkkəb və dəyişkən mühitdə Azərbaycan balanslı, çevik və məqsədyönlü siyasət həyata keçirməklə beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın Mərkəzi Avropa üçün, xüsusilə enerji təhlükəsizliyi sahəsində artan strateji əhəmiyyətinin və Bakının dost Aİ ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyinin bariz nümunəsi oldu. Səfər Avropada davam edən mürəkkəb geosiyasi vəziyyət fonunda baş tutdu. Xarici çağırışlara baxmayaraq, Azərbaycan və Macarıstanın praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq modeli hər iki ölkənin suveren xarici siyasət yanaşmasını nümayiş etdirdi. Bunu səfər çərçivəsində səsləndirilən fikirlər və birgə bəyanatlar da təsdiqlədi. Onlar strateji tərəfdaşlığın, regional və qlobal məsələlər üzrə koordinasiyanın, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.
Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla Budapeştdə verdiyi bəyanat bu münasibətlərin dərinliyini, Azərbaycanın regional siyasətdəki mövqeyini və enerji diplomatiyasındakı rolunu aydın şəkildə ortaya qoydu. Prezidentin çıxışı həm diplomatik nəzakət, həm də strateji mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan və Macarıstanın qarşılaşdığı oxşar çətinliklərə – dənizə çıxış imkanının məhdudluğu və münaqişə bölgələrinə yaxınlıq mövzusuna toxunaraq, iki ölkəni yaxınlaşdıran əsas amillərdən birinin ortaq tarixi və mədəni köklər olduğunu vurğuladı.
Prezident Əliyevin bəyanatında ən diqqətçəkən məqamlardan biri Macarıstanın müstəqil siyasətinə verdiyi yüksək qiymət oldu. Azərbaycan lideri Macarıstanı Aİ məkanında nadir müstəqil siyasət yürüdən ölkələrdən biri adlandırdı və bu cür yanaşmanın siyasi iradə, strateji baxış və milli maraqlara sadiqlik tələb etdiyini bildirdi. Bu, aydın şəkildə Macarıstanın milli maraqları əsas götürən və Aİ-nin ümumi siyasi xəttindən fərqlənən mövqeyinə verilən dəstək kimi qiymətləndirilə bilər.
Baş nazir Viktor Orbanın çıxışı isə iki ölkə arasındakı münasibətlərin yalnız siyasi yox, həm də şəxsi etimad üzərində qurulduğunu göstərdi. Cənab Orban Prezident Əliyevi Macarıstanın dostu adlandırdı və Azərbaycanla diplomatiya və enerji sahələrində uzun illər davam edən əməkdaşlığa xüsusi önəm verdiyini bildirdi. Macarıstanın müxtəlif çətinliklər zamanı Azərbaycandan gördüyü dəstəyin təşəkkürlə qeyd olunması bu etibarlı tərəfdaşlığın geosiyasi böhranlar şəraitində dəyərini bir daha ön plana çıxardı.
Macarıstan üçün enerji təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir. Dənizə çıxışı olmayan bu ölkə üçün alternativ və sabit mənbələr üzrə əməkdaşlıq olduqca vacibdir. Cənab Orban Azərbaycanın Macarıstanın qaz təchizatını sabit şəkildə təmin etməsini yüksək qiymətləndirdi və bu əməkdaşlığın davam etdiriləcəyinə dair verilmiş təminatları vurğuladı. Həmçinin, Macarıstan şirkətlərinin Azərbaycandakı enerji layihələrində iştirakı iqtisadi olduğu qədər, siyasi etimad baxımından da əhəmiyyətlidir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin səfəri Azərbaycan-Macarıstan münasibətlərində strateji tərəfdaşlığın dərinləşdirilməsinin məntiqi davamı oldu. Əsas vurğu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Avropa enerji bazarındakı rolunun gücləndirilməsinə yönəldi. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına mühüm təkan verir. Gələcəkdə səfərin nəticələrinin konkret layihələr və artan ticarət dövriyyəsi vasitəsilə daha aydın şəkildə özünü göstərəcəyi şübhə doğurmur.
Tarixdə ilk dəfə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısının Budapeştdə keçirilməsi Macarıstan üçün mühüm diplomatik hadisə oldu. Tamhüquqlu üzv olmasa da, Budapeştin bu görüşə ev sahibliyi etməsi onun türk dünyası ilə əlaqələrini dərinləşdirmək istəyi kimi qiymətləndirilə bilər. Baş nazir Orban dost ölkələrin belə bir geosiyasi qeyri-müəyyənlik şəraitində bir araya gəlməsini yüksək dəyərləndirərək, TDT platformasının dialoq və əməkdaşlıq üçün əhəmiyyətini xüsusi vurğuladı.
Zirvə çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın artan regional və beynəlxalq rolunu, həmçinin xarici siyasətinin əsas istiqamətlərini əks etdirən geniş və məzmunlu çıxış etdi. O, Azərbaycan-Macarıstan münasibətləri, TDT çərçivəsində əməkdaşlıq və COP29-un Bakıda uğurla keçirilməsi məsələlərinə toxundu. Macarıstanın müstəqil siyasətinə yüksək dəyər verən dövlət başçısı Budapeştin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bir daha bəyan etdi.
Prezidentin çıxışının əhəmiyyətli hissəsi TDT-nin inkişafına həsr olunmuşdu. Azərbaycanın təşkilat daxilində fəal rolu, xüsusilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün təşəbbüskarı olması ölkənin türk dünyasında aparıcı rolunu təsdiqləyir. Azərbaycan bu istiqamətdə həm siyasi, həm iqtisadi, həm də infrastruktur baxımından mühüm təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın TDT ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə yatırdığını, Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının isə əməkdaşlığa əlavə dinamika verəcəyini bildirdi. Azərbaycanın coğrafi baxımdan dənizə çıxışı olmasa da, ölkə Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması və Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsi regional inteqrasiyanın strateji əhəmiyyətini artırır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil, fəal və strateji yanaşmasını nümayiş etdirdi. O, Azərbaycan diplomatiyasının çoxşaxəli xarakterini – siyasi, iqtisadi və ekoloji istiqamətlərdə uğurlu siyasət yürüdülməsini aydın şəkildə ifadə etdi. Azərbaycan liderinin çıxışı həm də ölkəmizin türk dünyasında, eləcə də beynəlxalq arenada nüfuzunun artdığını bir daha təsdiqlədi.