Xəbərlər
YAP Bərdə rayon təşkilatında qazi ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin suverenliyi uğrunda antiterror tədbirləri zamanı yaralanmış, üçüncü qrup əlil, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş qazi Ramiz Ağayevlə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya görüş zamanı bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar birliyi nəticəsində Azərbaycan Ordusu tarixi zəfərlər qazanıb. Qeyd olunub ki, bu Qələbə ədalətin bərpası uğrunda canlarından keçən igid oğullarımızın şücaətinin parlaq təcəssümüdür. Antiterror tədbirləri zamanı yaralanmış igidlərimizdən biri – Ramiz Ağayevlə keçirilən bu görüş də şərəfli tariximizə, şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizə göstərilən dərin ehtiramın bariz nümunəsidir.
Görüşdə qazi Ramiz Ağayev özünün və əsgər yoldaşlarının döyüş yolundan danışıb, ilk gündən xalqımızın tarixi Qələbəyə olan inamının böyük olduğunu diqqətə çatdırıb, igid yoldaşları ilə olan birgə xatirələrini bölüşüb.
Ailənin tək övladı olmuş, şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynzadə çıxış edərək bildirib ki, şanlı ordumuz ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq düşmənə qalib gəlib.
Görüşdə YAP fəalları - rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, rayon İcra Hakimiyyəti başçısı yanında Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın sədri Səfurə Hümbətova çıxışlarında ölkəmizin suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, sağlamlıqlarını itirmiş qazilərimizə şəfa diləyiblər.
Qazi Ramiz Ağayevin atası Etimad Ağayev bütün şəhid ailələri və qazilər adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya şəhid anası Arzu Hüseynzadə və qazi Ramiz Ağayevə xatirə hədiyyələri təqdim edib.