Xəbərlər
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri əvvəlcə Ulu Öndərin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışnda Ümummilli Liderin siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi naminə tarixi xidmətləri barədə danışıb. O bildirib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına həsr edib: “Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən xalqımızın dahi liderin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərhələyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib”.
Şəmkir rayon prokuroru Azər Hətəmov çıxışında qeyd edib ki, ömrünü dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsini qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca, hər zaman ürəklərdə əbədi yaşayacaq.
Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir və Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri heç vaxt unudulmayacaq.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəldiyini xüsusi vurğulayıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub, yerli mədəniyyət işçiləri tərəfindən musiqilər səsləndirilib.