Xəbərlər
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı tərəfindən “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Dahi Şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Zakir İmanov, şəhid ataları, partiya veteranları Vaqif Zeynalov, Ədalət Qarayev, Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov, partiya fəalı Zamin Xuduzadə bildiriblər ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Qeyd olunub ki, fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Ümummilli Lider müstəqil dövlətin simvolu kimi qalıb və qalacaq.
Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.