Xəbərlər
"Konstitusiya və Suverenlik İli” çərçivəsində sərbəst güləş üzrə Xocavənd rayon birinciliyi keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının, Xocavənd Rayon İcra Hakimiyyətinin və Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib.
Turnirdə Ağdam, Ağcabədi, Sabirabad, Göyçay, Füzuli, Beyləqan və Xocavənd rayon komandalarının iştirakı ilə ümumilikdə 220 idmançı mübarizə aparıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin idmana qayğısından danışıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. İdman siyasətinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirildiyi vurğulanıb.
Sonda qaliblərə fəxri fərman və medallar təqdim olunub.