Xəbərlər
Laçında Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Mayın 7-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər ” mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfans iştirakçıları Laçın şəhərinin Seyrangah ərazisində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş, işğaldan azad edilmiş ərazilərin tarixi abidələri və vətənpərvərlik nümunələrini əks etdirən, şagirdlərin əl işləri sərgisi ilə tanış olublar. Məktəblilər arasında təşkil olunmuş şahmat yarışı izlənildikdən sonra ədəbi-bədii kompozisiya təqdim olunub.
Konfransda Azərbaycan Respublikasının Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının kuratoru Elmar Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonunun ziyalıları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP Laçın rayon təşkilatının Ərazi Partiya Təşkilatlarının (ƏPT) sədrləri, onların müavinləri, partiya fəalları və Laçın şəhər sakinləri iştirak ediblər.
Laçın şəhər 2 nömrəl tam orta məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən videosüjet nümayiş olunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov vurğulayıb ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı vurğulayıb ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi: “Ulu Öndər bu yolda qəti addımlar atıb, əməli işlər görüb. İqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurub”.
M.Qurbanlı diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün yaranmasına gətirib çıxarıb: “Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqat mövzusu olacaq. Ümummilli Liderin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Ümummilli Lider bütün dünyada sayılıb-seçilən, öz yeri olan görkəmli ictimai-siyasi xadim olub. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Məclisin deputatı Rövşən Muradov Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini vurğulayıb: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib.
Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını vətənimizin qürur simvolu olan Şuşada, Laçında və işğaldan azad olmuş bütün ərazilərdə dalğalandırdı. İndi ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova çıxışında nəzərə çatdırıb ki, bu gün birmənalı şəkildə deyə bilərik: “Ümummilli Liderimizin rəhbərliyi, tövsiyələri ilə hazırlanmış proqramlar, seçdiyi strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etmişdir. Hazırda Ulu Öndərimizin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri Şəbnəm Uğurlu bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı — dövlət başçımız, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına tarixindəki ən qürurlu, şanlı günləri yaşadıb. Suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilib, Qarabağ və Şərqi Zəngəzur azadlığına qovuşub, yüz minlərlə vətəndaşımız məcburi köçkün adından qurtulub. İndi işğaldan azad olunmuş ərazilərdə nəhəng tikinti və quruculuq işləri aparılır, insanlarımız qayıdış köçləri ilə sevinclə öz yurdlarına dönürlər.
Konfransda Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr, eləcə də Laçın rayon ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı və bədii qiraət müsabiqələrinin qaliblərinə təşəkkürnamələr təqdim olunub. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının dəstəyi ilə Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi flashmob izlənilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.