YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran əməkdaşlığı milli maraqların qorunması və ortaq hədəflərin gerçəkləşməsini mümkün edir

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər ikitərəfli münasibətlərin hazırkı mərhələdə yeni dinamika ilə inkişaf etdiyini göstərir. Bu səfər, eyni zamanda, hər iki dövlətin regional və qlobal səviyyədə ortaq maraqlar naminə əməkdaşlıq iradəsini nümayiş etdirir. Danışıqlar zamanı qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Dövlətimizin başçısının “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək” fikri qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan etibarlı münasibətlərin göstəricisidir.

Azərbaycan ilə İran BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir və bu, beynəlxalq arenada diplomatik həmrəyliyi gücləndirməklə iki dost ölkənin maraqlarına xidmət edir. Həmçinin bu əməkdaşlıq regional və qlobal məsələlərdə daha təsirli mövqe tutmağa imkan yaradır.

Azərbaycan və İran arasında geoiqtisadi əməkdaşlığın əsas dayaqlarından biri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Asiya və Avropanı birləşdirən bu strateji marşrut ticarət axınlarını sürətləndirmək və regionlar arasında daha sıx iqtisadi əlaqələr qurmaq məqsədi daşıyır. Dəhliz enerji resurslarının, malların və xidmətlərin hər iki qitə arasında daha asan, çevik və sərfəli şəkildə daşınmasına şərait yaradır. Layihə, eyni zamanda, regional iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, dövlətlərə əlavə investisiyaların cəlb olunması və nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm önəm kəsb edir. Şimal-Cənub dəhlizinin beynəlxalq ticarətin müxtəlif marşrutları ilə əlaqələndirilməsi isə qlobal iqtisadiyyatda strateji rol oynayan nəqliyyat-logistika mərkəzlərinin formalaşmasına zəmin yaradır və dünya miqyasında ticarət sistemlərinin səmərəliliyini artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.

İki ölkə 3+3 formatı da daxil olmaqla, regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair yeni dialoq platformalarının yaradılmasında iştirak edir. Bu platformada Cənubi Qafqazın gələcək geosiyasi sabitliyinin təməl prinsipləri müəyyən edilir. İranın bu proseslərdə fəal rol oynaması onun regional sabitlikdə maraqlı olduğunu və dialoqa açıq tərəf kimi çıxış etdiyini sübut edir. Dövlətimizin başçısı bildirib ki, biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk: “Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var”.

Səfər çərçivəsində imzalanan 5 mühüm sənəd münasibətlərin hüquqi-institusional bazasının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə, 2025–2027-ci illəri əhatə edən Siyasi Məsləhətləşmələr Proqramı müntəzəm diplomatic təmasların təminatçısı rolunu oynayır. Nəqliyyat, dənizçilik, mədəniyyət və media sahəsində imzalanan digər sənədlər isə praktiki əməkdaşlığın əhatə dairəsini genişləndirir. Bu faktorlar bir daha göstərir ki, münasibətlər sadəcə siyasi əlaqələr çərçivəsində deyil, geniş sosial, iqtisadi və humanitar sahələrdə də qarşılıqlı maraqlara əsaslanır. Mədəniyyət günlərinin təşkili, ortaq filmlər və sənədli layihələr, dini-mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq.

İkitərəfli əlaqələr regional kontekstdə də yeni əməkdaşlıq modellərinin təşəkkül tapmasına şərait yaradır. Bu amillər Cənubi Qafqaz və Yaxın Şərq regionlarında sabitliyin qorunması və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bugünkü çağırışlar fonunda Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, bərabərlik prinsipinə əsaslanan ikitərəfli münasibətlər modeli regional sabitlik, çoxtərəfli əməkdaşlıq və xalqların rifahı üçün nümunəvi yanaşma kimi təqdir edilir. Bu əlaqələrin gələcəkdə daha da dərinləşməsi sadəcə iki qonşu dövlətin deyil, bütövlükdə regionun inkişafına xidmət edəcəkdir.