Xəbərlər
“Gambero Rosso”: Azərbaycan pavilyonu “Milan-Expo 2015”in ən möhtəşəm məkanlarındandır
İtaliyanın “Gambero Rosso” portalında Azərbaycanın “Milan-Expo 2015” Ümumdünya Sərgisindəki pavilyonundan bəhs edən məqalə yerləşdirilib.
Məqalədə deyilir ki, Azərbaycanın bioloji müxtəlifliyini əks etdirən pavilyon sərginin ən möhtəşəm məkanlarından biri hesab olunur. Ölkənin əsas elementlərindən biri sayılan nar ağaclarının və milli musiqi alətlərinin əhatəsində Azərbaycan sərgidə öz mədəni və təbii irsini nümayiş etdirir.
Azərbaycan haqqında məlumat verən müəllif qeyd edir ki, Xəzərin sahilində yerləşən bu ölkə zəngin landşafta malikdir. Məhz bu sərgidə orqanik ərzaqların önəmi, Azərbaycanın təbii ehtiyatlarının və digər zənginliklərinin qorunması mərkəzi mövzudur. Davamlı inkişaf və biomüxtəliflik Azərbaycanda həyata keçirilən layihələrin əsas elementləridir. Bütün bunlar da pavilyonda əksini tapıb.
Azərbaycan muğamından bəhs olunan məqalədə vurğulanır ki, bu milli musiqi janrı UNESCO tərəfindən Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib. Müəllif muğam musiqisinin ifa edilməsində istifadə olunan alətlər barədə ətraflı məlumat verir.