YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur

Asif Əsgərov

Milli Məclisin deputatı

Aprelin 24-də Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibədə əksini tapan fikirlər bir daha təsdiqləyir ki, ölkəmiz öz xarici siyasət kursunu milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında yürüdür, Çinlə əlaqələr isə bu strategiyanın mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzindədir.

Azərbaycan “Vahid Çin” siyasətinə dəstəyini ardıcıl şəkildə nümayiş etdirərək Çinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə sadiq qalır. Çin isə ölkəmizin müstəqil daxili və xarici siyasət yürütmək hüququna, eləcə də suverenliyinə qətiyyətli dəstək verir. Bu qarşılıqlı prinsipial yanaşma Azərbaycan-Çin münasibətlərində dərin strateji qarşılıqlı anlaşmanın və etimadın formalaşmasına səbəb olur. Eyni zamanda, bu münasibətlər hər iki dövlətin beynəlxalq arenada bir-birinə verdiyi siyasi dəstək fonunda daha da möhkəmlənir və çoxtərəfli əməkdaşlıq üçün güclü təməl yaradır. Xüsusilə regional təhlükəsizlik və çoxtərəfli diplomatik təşəbbüslərdə ortaq mövqelərin irəli sürülməsi bu münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillər sırasındadır.

İki ölkənin tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə strateji faktora çevrilməkdədir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika infrastrukturuna sərmayələri ölkəmizi Avrasiyada mühüm tranzit mərkəzə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və digər irimiqyaslı nəqliyyat layihələri bu kontekstdə Çinin Orta Dəhliz strategiyası ilə tam şəkildə uzlaşır. Cənab İlham Əliyev müsahibəsində Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi mühüm töhfələri ön plana çəkməklə, ölkəmizin bu qlobal əməkdaşlıq formatında artan rolunun əhəmiyyətini diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik, beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. 

Azərbaycan və Çin, həmçinin ticarət, enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Ölkəmiz kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracının artırılmasını vacib hesab edir və bu istiqamətdə praktiki addımlar atılmaqdadır. Eyni zamanda, yaşıl enerji və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq iki dövlətin qarşılıqlı maraqlarını daha da yaxınlaşdırır və davamlı iqtisadi tərəfdaşlığa zəmin yaradır.

Dövlətlərarası münasibətlərin dərinləşməsində təhsil və mədəniyyət sahəsində həyata keçirilən mübadilə proqramları xüsusi yer tutur. Universitetlər arasında əməkdaşlıq, tələbə mübadiləsi və birgə tədqiqat təşəbbüsləri iki ölkə vətəndaşları arasında dostluq münasibətlərini möhkəmləndirir.

Azərbaycanın beynəlxalq təşəbbüslərdə və çoxtərəfli platformalarda fəal iştirakı Çinlə əməkdaşlıqda mühüm rol oynayır. Qlobal gündəliyin formalaşdırılmasında aparıcı mövqe tutan təşkilatlarda ölkəmizin fəallığı ortaq maraqların müdafiəsinə zəmin yaradır. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarda aktiv mövqeyi ilə beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaş kimi çıxış edir. Bu fəallıq ölkəmizin beynəlxalq arenada etibarlı və prinsipial aktor kimi qəbul edilməsinə, Çinlə qlobal məsələlərdə ortaq mövqelər nümayiş etdirməsinə və yeni əməkdaşlıq imkanları yaratmasına geniş imkanlar açır. Eyni zamanda, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, nəqliyyat dəhlizləri və dayanıqlı inkişaf kimi istiqamətlərdə Azərbaycanın təşəbbüsləri Çinlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Dünya miqyasında baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan və Çin çoxtərəfli və ədalətli dünya nizamının qurulmasına töhfə verən tərəfdaşlar kimi çıxış edirlər. Azərbaycanın müstəqil xarici siyasəti onun beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirib. Çin isə qlobal iqtisadiyyatın aparıcı aktoru kimi müstəqil siyasət yürüdən dövlətlərlə əməkdaşlığı prioritet hesab edərək Azərbaycanla işbirliyinin dərinləşdirilməsini diqqət mərkəzində saxlayır.

Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsi Azərbaycan-Çin münasibətlərinin strateji mahiyyətini, tərəflərin ortaq dəyərlərə və prinsiplərə əsaslanan əməkdaşlıq modelini, eləcə də gələcək inkişaf perspektivlərini dolğun şəkildə əks etdirir. Bu hərtərəfli strateji tərəfdaşlıq müasir beynəlxalq münasibətlər sistemində konstruktiv, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı model kimi özünü təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv