Xəbərlər
Qlobal əməkdaşlıq nümunəsi

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlum olduğu kimi, aprel ayının 23-24-də Prezident İlham Əliyev Çin Xalq Respublikasında rəsmi dövlət səfərində olub. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq barədə 20-dən artıq Azərbaycan-Çin sənədləri imzalanıb. Əlbəttə ki, bu sənədlərdən ən önəmlisi kimi “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı qeyd etmək lazımdır. Məhz bu sənədin imzalanması ilə ölkələrimiz arasında münasibətlər indiyədək olduğundan daha yüksək səviyyəyə qaldırılmış oldu.
Diqqətəlayiq haldır ki, Azərbaycan ilə Çin milli maraqlara aid məsələlərdə hər zaman həmrəylik və dostluq nümayiş etdirirlər. İmzalanmış Birgə Bəyanatda ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapıb. Vacıb məqamlardan biri də budur ki, ölkələrimiz daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər.
Birgə Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Hazırda Azərbaycan ilə Çin arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq getdikcə genişlənir. İndiyədək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar.
Qeyd edək ki, yaşıl enerji ilə bağlı layihələr Azərbaycanın iqtisadiyyatına mühüm perspektivlər vəd etməklə böyük önəm daşıyırlar. Bu gün icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Başqa sözlə desək, beş ildən sonra Azərbaycan demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacaq və elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracaq. Elektrik enerjisi bərpaolunan enerji resurslarından əldə ediləcək və qənaət olunan təbii qaz beynəlxalq bazarlara ixrac ediləcək. Beləliklə, ölkəmizin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsətlər var. Çünki bu məsələ Azərbaycanın strategiyasına və Çinin gündəliyinə kifayət qədər uyğundur.
Əldə olunan daha bir önəmli nailiyyət kimi ölkələrimiz arasında viza rejiminin aradan qaldırılmasını göstərmək olar. Bu gün artıq hər bir pasport sahibi, hər bir sıravi vətəndaş sadəcə bilet alıb hər iki istiqamətdə səfərlər edə bilər. Bu qərar hər iki istiqamətdə turizmin inkişafına da böyük töhfədir. Eyni zamanda, xalqlarımız bir-birilərini daha yaxından tanımaq imkanı əldə edəcəklər və bu da ölkələrarası münasibətlərin inkişafına çox müsbət təsirini göstərəcək.