Xəbərlər
Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq mərhələsində

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycan ilə Çin önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində münasibətlərini qurur. Bu amil Azərbaycan-Çin əlaqələrinin dərinləşməsinə, siyasi dialoqun intensivləşməsinə və hərtərəfli strateji tərəfdaşlıq üçün daha güclü hüquqi-siyasi bazanın formalaşmasına imkan yaradır. Siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir.
Aprelin 24-də Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibə beynəlxalq ictimaiyyətin geniş marağına səbəb olub. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərin əhəmiyyəti olduqca vacibdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Əslində, beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər bir çox ölkə üçün önəmli məsələlərdir və Azərbaycanla Çin bu mövzularda oxşar mövqedədirlər. Bu yanaşma, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarlarını artırır. Prezident İlham Əliyevin vurğuladığı mövqelər, yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikalarda da əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir.
Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.
Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək.