Xəbərlər
Azərbaycan-İran strateji tərəfdaşlığı regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır

Anar Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır. Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb. Ölkələrimiz və xalqlarımız arasında tarix boyu mövcud olmuş səmimi dostluq əlaqələri bu gün ən yüksək səviyyədə olan müasir dövlətlərarası münasibətlərin yaranması üçün möhkəm zəmin rolunu oynayıb. Azərbaycan ilə İran arasında olan sərhəd də məhz dostluq sərhədidir.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri ölkənin xarici siyasət prioritetlərini, regional və qlobal tərəfdaşlıq meyillərini ortaya qoydu. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Azərbaycan və İran arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq-aydın mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın, ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu vurğulayıb.
Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bu dəstək bundan sonra da davam edəcək. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də Azərbaycan və İran bir-birinə dəstək verir. Təbii ki, burada nəqliyyat layihələri xüsusi rol oynayır. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.
Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib ki, “Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından çox sayda müştərək məqamlara malikik və biz bu müştərəkliklərlə fəxr edirik”.
Birgə mətbuat konfransında İran Prezidenti Məsud Pezeşkianın “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq” - deyə bəyan etməsi İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi, yeni bir mərhələnin başlanğıcıdır. İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyindən xəbər verir.