Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərində başlanan yeni dövrün prioritetlərini bəyan etdi

Ramid Namazov
Milli Məclisin deputatı
Prezident İlham Əliyev aprelin 25-də Pekində Çinin “China Global Television Network” telekanalına müsahibəsində Azərbaycan-Çin münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu, ikitərəfli əlaqələrin daha da inkişafında yaxın dostu hesab etdiyi ÇXR-in Sədri cənab Si Cinpinlə apardığı səmimi dialoqların əhəmiyyətindən danışıb.
Ötən ilin iyul ayında iki ölkə Liderlərinin qəbul etdiyi Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin mühüm tarixi sənədin münasibətlərin daha da irəliyə aparılmasında roluna diqqət çəkən dövlətimizin başçısı aprelin 22-24-də Pekinə dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın, həmçinin 20-dən artıq sənədin xüsusi əhəmiyyət kəsb etiyini, əlaqələrin ən yüksək səviyyəyə qalxmasında möhkəm zəmin yaradacağına əminliyini ifadə etdi.
O, bildirildi ki, bu sənəd Azərbaycanın indiyə qədər bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında imzaladığı bəyanatların sırasında ən güclü sənəd olmaqla, Azərbaycan-Çin əlaqələrinin mahiyyətini və müasir mənzərəsi haqqında aydın təsəvvür yaradır.
“Bizim üçün xüsusi əhəmiyyət kəsb edən Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir” deyə xatırladan cənab İlham Əliyev bildirib ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Rəsmi Bakının “Vahid Çin” siyasəti ilə bağlı mövqeyi dəyişməzdir və qətidir, Tayvanda keçirilən qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri məhz Azərbaycan olub. Tərəflər regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərdə eyni platformada yer almaqla, sülh və rifahın prinsipial dəstəkçiləri olduqlarını nümayiş etidirirlər.
Təcrübəli dövlət xadimi Si Cinpinin qlobal məsələlərdə çox qətiyyətli mövqeyi də məhz beynəlxalq ədalətin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərin indiki zirvəyə çatmasında Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm təməlli, fundamental əsaslı tarixi-siyasi irs indiyə kimi prioritetliyini qoruyub saxlayaraq yeni inkişaf trendlərini müəyyənləşdirir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qlobal güc mərkəzi Çinlə inkişaf, təhlükəsizlik və digər sahələrlə bağlı təşəbbüskarlığı birləşdirməklə etibarlı və sadiq dostluq tellərini daha da gücləndirir. Çinin qlobal rifaha və əməkdaşlığa açdığı transkontinental kommunikasiya Mega-layihəsi olan “Kəmər və yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən və ilk qoşulan ölkələrdən biri kimi Azərbaycan yerləşdiyi geostrateji coğrafiyada bütün ölkələri kommunikativ bağlantılarda birləşdirir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində vahid logistika ailəsi formalaşdırır.
Sözsüz ki, qlobal nəqliyyat arteriyalarında əsas tərəfdaş olan Çinlə ölkəmiz bu nəhəng multimodal marşrut üzərində tranizt biznesini də inkişaf etdirməyi hədəfləyir. Bu sinerjiyə əsasən, Avrasiya dəhlizində rəqəmsallaşma infrastrukturlarını quran Azərbaycan Çindən Xəzər vasitəsilə Qara dənizə çatdırılan yüklərin daşınma müddətini qısaldıb, cəmi 10-12 günə endirilən bu xəttin axıcılığı daim artır və bunun nəticəsidir ki, ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faizlik artım qeydə alınıb.
Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı” bu sahədə yeni yol xəritəsinin əsas prinsiplərini əks etdirir.
Çin inanılmaz iqtisadi qüdrətini daha da irəliyə aparmaq üçün nümunəvi modern islahatlar həyata keçirir və bu tərrəqi modeli bir çox ölkələri ilhamlandırır, əksər dövlətlər bu təcrübəyə istinad etməklə inkişafı təmin etməyə çalışır. Eyni zamanda, özünün unikal inkişaf və tərəqqi konsepsiyasi ilə saysız uğurlara imza atmış Azərbaycan güclü iqtisadiyyat qurmağa nail olub, özünün maliyyə potensialını möhkəmləndirərək heç bir ölkədən, beynəlxalq institutdan maliyə cəhətdən asılı olmayan intibah arxitekturası qurub.
Bu gün xarici borcu ÜDM-nin 7 faizindən də az olan ölkəmiz dayanıqlı təhülükəsizlik yastığı - xarici borcu 14 dəfədən çox üstələyən strateji valyuta rezervləri formalaşdırıb.
Hazırda öz iqtisadiyyatını şaxələndirən Azərbaycanın iqtisadi baxış və yanaşmaları, inkişaf meyarları bir çox hallarda Çinlə üst-üstə düşür. Məhz bu eyni iqtisadi hədəf prioritetlərinə uyğun olaraq hər iki ölkə iqtisadi-ticari-investisiya bloklarında birgə addımlamağı qərara alıb. Cənab Prezidentin vurğuladığı kimi imzalanan sənədlər bu istiqamətlərdə yeni səhifə açır və indi başlıca hədəf bərpaolunan enerji, nəqliyyat və istehsalda birgə səylərin əlaqələndirilməsi, imkanların hərəkətə gətirilməsidir.
Hazırda idxalda birinci, ümumi xarici ticarətdə Azərbaycanın 4-cü tərəfdaşı olan Çinlə daha intensiv iqtisadi mübadilə qapıları açılır. Eyni zamanda, Çində 6 Azərbaycan Ticarət Evinin fəaliyyəti ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixrac çeşidlərini artırmağa, eyni zamanda, Çin kimi nəhəng bazardan digər coğrafiyalara ixracı şaxələndirməyə əlverişli fürsətlər yaradır.
İqtisadiyyat Nazirliyi ilə Çin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli, habelə rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında memorandumlar e-ticarət, rəqəmsal iqtisadiyyat quruculuğunda möhkəm investisiya alyansının yaradılmasında mühüm rol oynayacaq.
Həmçinin, Azərbaycanın “yaşıl enerji” sektorunda podratçı qismində təmsil olunan Çin şirkətləri üçün yeni münbit sərmayə dövrü başlayır. İmzalanmış “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu” və SOCAR-la bağlanan mühüm anlaşma sənədləri bərpaolunan enerjinin istehsalı və tədarükündə yeni dövr başladacaq, 2030-cu ilə qədər 6500 meqavat gücündə hədəflənən enerji istehsalını təmin edəcək.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” tərəflər arasında vizasız səfərlərin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vizasız rejimə keçid ölkələr arasında turizm və iqtisadi əlaqələrinin qarşılıqlı artmasına, xarici ölkələrə səfər edən 150 milyonluq çinli turistin bir qisminin Azərbaycana cəlb olunmasını stimullaşdıracaq. Bu prosesdə aktiv hərəkət axınlarını təmin edən Azərbaycan Hava Yollarının Bakı-Pekin birbaşa uçuşları da mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Çinlə ölkəmiz arasında elm və texnologiyalar, humanitar-mədəni tərəfdaşlıq platformasında da yeni imkanların açıldığına diqqət çəkərək xüsusilə də süni intellekt sahəsində potensialların dəyərləndirləcəyini diqqətə çatdırdı. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” bu baxımdan qlobal trendlə ayaqlaşmağa zəmin yaradacaq, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması elmi kəşf və sini zəka bloklarında birgə fəaliyyətin əsas bazisinə çevriləcək. İki ölkə arasında mədəniyyət sahəsində imzalanan 2025-2029-cu illərə dair Protokol iki dost ölkənin mədəni yaxınlığını təşviq edəcək.
Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyir və ŞƏT çərçivəsində əməkdaşlıq ölkəmizə çoxvektorlu siyasi-iqtisadi imkanlar açır. Azərbaycan Qlobal Cənubun üzvü kimi Çinlə və digər bir çox ölkə ilə bu blokda səylərini birləşdirmək üçün cəhdlərini artıraraq yeni çoxtərəfli rifah müstəvisini qurur. Bu xüsusda, nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri əsas meyarlar kimi müasir beynəlxalq siyasi sistemdə legitimliyini daha da möhkəmləndirir.
Beləliklə, Prezident İlham Əliyev Çinin “China Global Television Network” telekanalına müsahibəsində vurğulanan fikirlər Azərbaycan-Çin münasibətlərinin mehriban və səmimi əlaqələrə söykəndiyini təsdiqləyən, ikitərəfli münasibərlərin möhkələnməsində yeni dövrün başlanması ilə bağlı prioritetləri müəyyən edən konseptual baxış strategiyası kimi qiymətləndirilə bilər.