Xəbərlər
Azərbaycan-Çin: hərtərəfli strateji tərəfdaşlıq müstəvisində milli maraqlar qətiyyətlə qorunur

Heydər Əsədov
Milli Məclisin deputatı
Aprelin 24-də Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibə beynəlxalq ictimaiyyətin geniş marağına səbəb olub. Dövlət başçısı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri, regional və qlobal müstəvidə əməkdaşlıq perspektivləri, eyni zamanda, çoxtərəfli təşəbbüslərdə qarşılıqlı dəstəyin vacibliyi kimi aktual və çox mühüm məsələlərə toxunub.
Milli maraqların, ərazi bütövlüyünün və suverenliyin təmin olunması məsələsində Azərbaycan və Çin bir-birini prinsipial şəkildə dəstəkləyir. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində münasibətlərini qurur. Bu amil Azərbaycan-Çin əlaqələrinin dərinləşməsinə, siyasi dialoqun intensivləşməsinə və hərtərəfli strateji tərəfdaşlıq üçün daha güclü hüquqi-siyasi bazanın formalaşmasına imkan yaradır.
Azərbaycan və Çin arasında əməkdaşlıq münasibətləri qarşılıqlı inam, siyasi iradə və ortaq maraqlar əsasında dinamik inkişaf edir. Azərbaycanın Cənubi Qafqazın lider dövləti statusu, regional sabitlik və inkişaf prosesindəki fəal rolu rəsmi Pekin üçün geniş strateji imkanlar yaradır. Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir, Çin isə ölkəmizin ədalətli mövqeyinə birmənalı dəstəyini ifadə edir. Bu qarşılıqlı dəstək münasibətlərin davamlı inkişafını təmin edən əsas sütunlardan biridir.
Dövlətimizin başçısı bəhs olunan məqamlara toxunaraq “Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı”.
Ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı və humanitar sahələrdə Azərbaycan və Çin arasında əməkdaşlıq uğurla inkişaf edir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit-logistika potensialı Çinin Avrasiya məkanında kommunikasiya imkanlarını daha da genişləndirir. Ölkəmizin Avrasiya məkanında mühüm tranzit və logistika qovşağına çevrilməsi, beynəlxalq enerji layihələrində fəal iştirak etməsi bu dost dövlətin strateji maraqlarına cavab verir.
Eyni zamanda, yaşıl enerji, kənd təsərrüfatı məhsullarının ixracı, rəqəmsal texnologiyalar və təhsil sahəsində reallaşdırılan birgə layihələr gələcəkdə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan Çinlə mədəniyyət, təhsil və turizm sahələrində də əlaqələrin genişlənməsinə xüsusi önəm verir. İki ölkə arasında strateji dialoq çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə yeni əməkdaşlıq mexanizmləri formalaşır.
Ölkəmizin milli maraqlara əsaslanan müstəqil xarici siyasəti müxtəlif dövlətlərlə etibarlı strateji tərəfdaşlıqların qurulmasına şərait yaradıb. Bu siyasət çərçivəsində Azərbaycan beynəlxalq arenada nüfuzunu artırıb, qlobal proseslərdə etibarlı və prinsipial tərəfdaş kimi çıxış edir. Müstəqil Azərbaycan Qlobal Cənubun mühüm tərkib hissəsi olaraq ədalətli və inklüziv dünya nizamının qurulmasında fəal iştirak edir. Çinlə əməkdaşlıq da bu müstəqil və balanslı yanaşmanın tərkib hissəsidir və qarşılıqlı hörmətə əsaslanan strateji əməkdaşlığın davam etdirilməsinə xidmət edir.
Çin isə qlobal iqtisadi güc mərkəzi kimi ədalət və hüquqa əsaslanan beynəlxalq sistemin qurulmasının tərəfdarıdır. Bu konteksdə Çin müstəqil siyasət yürüdən ölkələrlə, o cümlədən Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və ortaq təşəbbüslərlə daha da möhkəmləndirilir.
Azərbaycan Çinlə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı davam etdirir və bu istiqamətdə siyasi dialoq, iqtisadi layihələr və təhlükəsizlik məsələləri üzrə birgə təşəbbüslər həyata keçirilir. Ölkəmiz beynəlxalq arenada, xüsusilə də Qoşulmama Hərəkatına və COP29-a uğurlu sədrliyi ilə qlobal məsələlərin həllində öz liderlik qabiliyyətini təsdiq edib. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və Çinlə hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşməsinə zəmin yaradır.