Xəbərlər
Qəbələdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, rayon təşkilatının sədr müavini Anar Şirinov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri Reyhan Məmməd, partiya fəalı Türkan Gözəlli vurğulayıblar ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır.
O da qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin müstəqillik tarixində mühüm bir mərhələ olmaqla yanaşı, dövlət suverenliyinin tam bərpa edilməsinin rəsmi təsdiqidir.
Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.