Xəbərlər
Sumqayıtda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı dəyirmi masa keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və bir qrup partiya fəalı iştirak ediblər.
əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. O qeyd edib ki, bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu sənədin tarixi və siyasi əhəmiyyətinə verilən yüksək dəyərin təzahürüdür.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov çıxışında qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası xalqımızın tarixində dönüş nöqtəsi olub. Onun sözlərinə görə, bu mühüm sənəd hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşmasında, insan hüquq və azadlıqlarının təmin olunmasında həlledici rol oynayıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir və onun müddəaları bu gün də aktual olaraq qalır.
Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı, Sumqayıt Dövlət Universitetinin dosenti Əminə Həsənova, tələbə Nəzrin Alıyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsində müstəsna xidmətlərindən bəhs edib, 1995-ci ildə qəbul olunmuş Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında və qəbulunda Ulu Öndərin əvəzsiz rolunu vurğulayıblar. Bildirilib ki, bu Konstitusiya ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafında möhkəm təməl rolunu oynayıb.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.